Aİ-nin 13 ölkəsi Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi ləğv etdi

Sep 18, 2025 - 15:46
 0  50
Aİ-nin 13 ölkəsi Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi ləğv etdi

Avropa İttifaqının 27 üzv ölkəsindən 13-ü artıq Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi ləğv edib. Bu ölkələrdir: Belçika, Bolqarıstan, Estoniya, Fransa, İtaliya, Latviya, Litva, Lüksemburq, Niderland, Rumıniya, Almaniya, İsveç və Çexiya.

Çexiyanın bu qərarı barədə məlumat sentyabrın 17-də yayıldı. Almaniya ilə bağlı isə ölkənin Tbilisidəki səfirliyi bm.ge-yə açıqlamasında vizasız rejimin artıq qüvvədə olmadığını təsdiqlədi. Digər ölkələrin qərarları barədə hələ iyunun sonunda Euroscope məlumat yaymışdı.


Hələlik məlum deyil, Aİ-nin digər ölkələri də oxşar addımı atıblar, ya yox.

Xatırladaq ki, Avropa İttifaqı Şurası bu il yanvarın 27-də Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul etdi. Bununla da, Gürcüstanın diplomatları və vəzifəli şəxsləri artıq Şengen zonasında vizasız səyahət edə bilmirlər. Qərarın qüvvəyə minməsi üçün o, hər bir üzv ölkənin qanunvericiliyində təsbit olunmalıdır. Müvafiq dəyişiklik artıq qüvvədə olan ölkələrə səfər üçün diplomatik pasport sahibləri vizaya müraciət etməlidirlər.

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, diplomatik pasportların vizasız rejiminin dayandırılması Gürcüstan üçün maneə yaratmır.

Digər tərəfdən, Gürcüstan vətəndaşları adi pasportla Avropa İttifaqına hələ də vizasız səyahət edə bilirlər. Lakin qeyd olunur ki, Brüssel növbəti addım kimi vizasız rejimin bütün Gürcüstan vətəndaşları üçün dayandırılmasını müzakirə edir.

mənbə: marneulifm