"Affekt vəziyyətində tək güllə ilə 2 nəfəri öldürdüm" — Biznesmen cinayəti etiraf etdi-VİDEO

Jun 14, 2026 - 21:04
 0  26

Xaşuridə iki nəfərin qətli ilə bağlı saxlanılan biznesmen Nikoloz Kilaberidze hazırda Qorinin müvəqqəti saxlama izolyatorundadır.

Vəkilinin sözlərinə görə, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etsə də, atəş açdığı an affekt vəziyyətində olduğunu iddia edir.

XEBER.GE xəbər verir ki, vəkil hadisədən əvvəl Kilaberidzenin şərikli biznes tərəfdaşlarından birindən ərazini tərk etməsini tələb etdiyini, bunun ardınca isə tərəflər arasında mübahisə və təhqirlərin yaşandığını bildirib.

Müdafiə tərəfinin iddiasına görə, biznesmen yalnız bir nəfərə atəş açıb, ikinci şəxs isə böyük ehtimalla eyni güllənin bədəndən keçib digərinə dəyməsi nəticəsində dünyasını dəyişib.

Vəkil qeyd edib ki, hadisədən sonra Kilaberidze özü "112" xidmətinə zəng edib, hüquq-mühafizə orqanlarına silahın yerini bildirib və cinayəti boynuna alıb.

Müdafiə tərəfi baş verən faciəyə görə məsuliyyətin bir hissəsini Xaşuri polisinin üzərinə qoyur. Vəkilin sözlərinə görə, tərəflər arasındakı münaqişə ilə bağlı bir neçə aydır araşdırma aparılsa da, polis tərəfindən heç bir müvafiq və qabaqlayıcı tədbir görülməyib.

"Görünür, Nika bəy ədalət tapmadığı üçün bu gün səhər şəriklərdən birinə zəng edərək görüşmək istədiyini deyib.

Görüş zamanı bura onun ərazisi olduğunu bildirib və oradan çıxmalarını xahiş edib. Yenidən mübahisə düşüb, qarşılıqlı söyüşlər söyülüb. Onların Nikaya və ailəsinə qarşı etdikləri təhqirləri burada təkrarlamaq qeyri-mümkündür. O, affekt vəziyyətində silahı çıxararaq bir nəfərə atəş açıb. Orada ikinci bir şəxs də olub. Nika deyir ki, ikincini vurmaq niyyəti olmayıb, lakin güllə birincidən keçərək ikinciyə də dəyib və o da ölüb.

Nika əməlini etiraf etdi, evə gəldi, cinayət aləti olan silahı masanın üzərinə qoydu. Bu ərəfədə bizə zəng vurdu, biz də gəldik. Özü '112'-yə yığaraq 'Silah da evdədir, gizlətməmişəm, özüm də buradayam, gəlin' dedi. Biz Xaşuri polis şöbəsini ittiham edirik. Artıq 4 aydır ərizə yazılıb və istintaq gedir, amma məsələni bura qədər gətirib çıxardılar. Görünür, istədikləri bu idi.

Çünki karxananın sahibi Avaqinyan, mənim şübhəmə görə, Xaşuri polisi ilə əlbirdir və aralarında hansısa sövdələşmə var", — deyə vəkil Natia Korkotadze "Tv Pirveli"yə bildirib.

Qeyd edək ki, qum-çınqıl karxanası ətrafında faydalı qazıntıların hasilatı və daşınması məsələsi üstündə həftələrdir davam edən qarşıdurma iki nəfərin ölümü ilə nəticələnib. Dünyasını dəyişənlər "Biltmor" şirkətinin nümayəndələridir.

Digər vəkil İrina Peradze də hüquq-mühafizə orqanlarını vaxtında hərəkətə keçməməkdə qınayıb. O, tərəflər arasındakı gərginliyin qanlı qarşıdurmaya çevrilməməsi üçün polisə dəfələrlə çağırış etdiyini, Kilaberidze ailəsinin karxanadan qanunsuz qum-çınqıl daşınmasına qarşı rəsmi reaksiya tələb etdiyini vurğulayıb.