ABŞ-da KQB ilə əməkdaşlığını etiraf edən Gürcüstan vətəndaşı saxlanılıb

Jun 27, 2025 - 19:54
 0  47
ABŞ-da KQB ilə əməkdaşlığını etiraf edən Gürcüstan vətəndaşı saxlanılıb

ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Departamenti Gürcüstan vətəndaşının saxlanıldığını açıqlayıb.

Şəxsin ictimai təhlükəsizlik üçün risk təşkil etdiyi, onun kriminal keçmişinin araşdırılması nəticəsində müəyyən edilib.

Orta yaşlı kişi ABŞ-ın İmmiqrasiya və Gömrük İcraatı Xidməti (ICE) tərəfindən 19 iyun tarixində Bruklində saxlanılıb. O, ABŞ-a 2023-cü ildə gəlib, lakin ölkəyə gəlməzdən əvvəl də kriminal keçmişə malik olub. ABŞ-a gəldikdən sonra isə 2024-cü ilin fevral ayında iki dəfə – bir dəfə xırda oğurluğa, digər dəfə isə oğurlanmış əşyaları saxlamağa görə saxlanılıb.

Dövlət qurumunun sosial şəbəkələrdə yaydığı məlumatda bildirilir ki, saxlanılan Gürcüstan vətəndaşı keçmişdə cinayətkar təşkilatın lideri olub və 25 illik cəzanın 9 ilini həbsdə keçirib. Bundan əlavə, ona qarşı əvvəllər Türkiyə-Yunanıstan sərhədində insanları qanunsuz keçirməyə görə ittiham irəli sürülüb.

Departament həmçinin vurğulayır ki, saxlanılan şəxs Rusiya KQB-si ilə əməkdaşlıq etdiyini etiraf edib.

Saxlanılma anını əks etdirən və sosial şəbəkələrdə yayımlanan fotolarda onun bədənindəki tapança döyməsinə xüsusi diqqət yetirilir.

mənbə: marneulifm