“ABŞ administrasiyası Gürcüstana lazımi diqqət göstərmir”

Gürcüstan prezidenti Mixail Kavelaşvili ABŞ prezidenti Donald Trampa açıq məktub ünvanlayıb.
O, Vaşinqtonun hazırkı administrasiyasının Gürcüstana kifayət qədər diqqət ayırmadığını bildirib və bu vəziyyətin gürcü cəmiyyətində təəccüb doğurduğunu qeyd edib.
“Mən bir daha Sizə – Amerika xalqı tərəfindən seçilmiş liderə dərin hörmətimi ifadə etmək istəyirəm. Ümid edirəm ki, Sizin prezidentliyiniz ABŞ-ı daha da gücləndirəcək, Amerika xalqına rifah gətirəcək və dünyada daha çox sülh və sabitliyin bərqərar olmasına xidmət edəcək”, – deyə Kavelaşvili məktubunda yazıb.
Prezidentin sözlərinə görə, Gürcüstan hökuməti ABŞ-la strateji tərəfdaşlığın yenidən bərpasını prioritet elan edib. Lakin o qeyd edib ki, ideoloji uyğunluğa baxmayaraq, Gürcüstan məsələlərində ABŞ administrasiyası deyil, “dərin dövlət” aktivlik göstərir:
“USAID, NED və digər qurumlar vasitəsilə onlar ənənəvi kobud metodlarla ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Xalqımız isə son dörd ildə bu cəhdlərin hamısını birliyi və müdrikliyi ilə dəf edib”.
Kavelaşvili Trampın prezidentliyi dövründə Azərbaycanın və Ermənistanın sülh sazişinə imza atdığını, Türkiyə ilə əməkdaşlığı gücləndirdiyini, hətta Rusiya ilə tərəfdaşlığı bərpa etdiyini xatırladaraq bildirib ki, bu fonda Gürcüstan barədə heç bir açıqlama verilməməsi narazılıq doğurur.
Məktubun davamında o yazıb:
“Deyirlər ki, son aylar ərzində Siz dünyanın yarısını dəyişmisiniz. Lakin təəssüf ki, Gürcüstana kifayət qədər diqqət göstərilməməsi xalqımızda suallar yaradır. Bu isə administrasiyanızın regionda sülhün möhkəmləndirilməsi istiqamətində nə dərəcədə azad və səmimi fəaliyyət göstərdiyi barədə şübhələr doğurur. Gürcü xalqı narahatdır ki, ölkəmizdə müharibə və qarışıqlığa yönəlmiş ‘dərin dövlətin’ təsiri güclənir və Sizin administrasiyanız buna sadəcə passiv müşahidəçi qalır”.
Prezident əlavə edib ki, Gürcüstan ABŞ-ı xalqın gözündə dərin dövlətlə deyil, güclü prezidentlə, destruktiv ideologiyalarla deyil, sülh və sabitliklə, LGBT və gender təbliğatı ilə deyil, ənənəvi dəyərlərə hörmətlə assosiasiya etmək istəyir.
“Şəxsən mən, Gürcüstan prezidenti olaraq, hökumətimizin elan etdiyi məqsədin – Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığın yeni səhifədən və konkret yol xəritəsi ilə bərpa olunmasının – reallaşması üçün bütün dəstəyimi verməyə hazıram. Bunun əsas şərti isə Sizin administrasiyanızın Gürcü dövləti və xalqına qarşı ədalətli və diqqətli münasibət sərgiləməsidir”, – deyə Mixail Kavelaşvili Trampa ünvanladığı açıq məktubda vurğulayıb.
mənbə: interpress