30-dan çox şəxsə saxta hərbi sənəd satan şəxs saxlanılıb
Gürcüstanın Müdafiə Nazirliyində keçirilən brifinqdə vətəndaşların həqiqi hərbi xidmətdən yayındırılmasına kömək edən şəxsin saxlanıldığı elan edilib. Nazirliyin Baş Müfəttişliyinin rəis müavini Arçil Nikoleişvili hadisə ilə bağlı mühüm detalları açıqlayıb.
Xeber.ge xeber verir ki,
İstintaqla müəyyən edilib ki, V.Ş. adlı şəxs və onunla əlaqədə olan digər şəxslər maliyyə mənfəəti qarşılığında Gürcüstan vətəndaşlarına sağlamlıq vəziyyəti haqqında saxta tibbi sənədlər təqdim ediblər. Bu sənədlər vasitəsilə vətəndaşlar çağırışçıların milli hərbi xidmətindən yayınıblar.
Məlumata görə, saxlanılan şəxs bu yolla 30-dan çox vətəndaşa "köməklik" göstərib və ümumilikdə 100 000 laridən (təxminən 37 min dollar) çox vəsaiti dələduzluq yolu ilə mənimsəyib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış tədbirləri nəticəsində aşağıdakılar maddi sübut kimi götürülüb:
· Şəxsi axtarış zamanı: 6 168 lari;
· Yaşadığı evdən: 105 000 ABŞ dolları, 50 000 lari;
· Qablaşdırılmış vəziyyətdə narkotik vasitə (marixuana).
Müdafiə Nazirliyi cinayətdə iştirak edən şəxslərin dairəsinin genişlənə biləcəyini istisna etmir. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (Dələduzluq) və 362-ci (Saxta sənəd hazırlama və istifadə etmə) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.