23 yaşlı gənc qonşusunu "oyun tapşırığı" ilə öldürüb?
Gürcüstanın Quriya bölgəsində baş vermiş qanlı cinayətlə bağlı sarsıdıcı təfərrüatlar üzə çıxıb.
Xeber.ge xəbər verir ki, 23 yaşlı gəncin qonşusunu qətlə yetirməsinə səbəb kompüter oyunu ola bilər.
Üç müstəqil mənbənin verdiyi məlumata görə, saxlanılan gənc qonşusunu hər hansı şəxsi münaqişə zəminində deyil, virtual məkanda tanımadığı şəxsdən aldığı "tapşırıq" əsasında öldürüb. İddia olunur ki, qətl hadisəsi təhlükəli onlayn oyunların bir hissəsi olub.
Təqsirləndirilən gəncin ailəsi təsdiq edib ki, hüquq-mühafizə orqanları artıq evdəki kompüteri müsadirə ediblər. Hazırda kiber-mütəxəssislər cihazdakı məlumatları və gizli yazışmaları şifrələrdən təmizləyərək mümkün "ölüm tapşırığının" izinə düşməyə çalışırlar.
Xatırladaq ki, qonşusunu qətlə yetirməkdə şübhəli bilinən 23 yaşlı gənc cinayətdən sonra hadisə yerindən qaçmışdı. O, polis tərəfindən meşəlik ərazidə xəsarət almış vəziyyətdə tapılaraq saxlanılıb. Onun bədənindəki xəsarətlərin mənşəyi və qətl anı ilə əlaqəsi araşdırılır.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə istintaq davam edir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, gənci 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Lakin istintaq gedişatında "sifarişli qətl" və ya digər ağırlaşdırıcı hallar sübut olunarsa, ittihamın maddəsi dəyişdirilə bilər.