1 sentyabrdan Gürcüstanda qüvvəyə minən yeni qaydalar

Sep 1, 2026 - 12:21
 0  16
1 sentyabrdan Gürcüstanda qüvvəyə minən yeni qaydalar

60 yaşdan yuxarı şəxslər üçün ödəniş tələbləri sərtləşdirilir — 500 laridən artıq qumar, kripto və digər ödənişlər şübhəli hesab olunacaq

XEBER.GE xeber  verir ki, Milli Bankın aprel ayında qəbul etdiyi qərara əsasən, 2026-cı il sentyabrın 1-dən 60 yaşdan yuxarı şəxslər üçün ödəniş tələbləri sərtləşdirilir. Milli Bankın izahına görə, bu qərarın məqsədi həmin istehlakçıları dələduzluq sxemlərindən qorumaqdır. Yeni qaydaya əsasən, ödəniş xidməti təminatçısı 60 yaşdan yuxarı istifadəçilər üçün əlavə xüsusi mühafizə tədbirləri tətbiq etməlidir. Xüsusilə, təminatçı istifadəçi tərəfindən təşəbbüs edilən riskli elektron ödəniş əməliyyatının icrasını müvəqqəti dayandırmalı və ya bunun mümkün olmadığı halda imtina etməlidir. Aşağıdakı əməllər riskli əməliyyat hesab olunacaq: əgər ödəniş əməliyyatının məbləği 500 larini keçirsə və əməliyyatın məzmunu dələduzluğun yüksək risk profilinə malik fəaliyyətlərlə — o cümlədən onlayn ticarət (məsələn, "Forex"), investisiya, qumar biznesi və ya virtual aktivlərlə bağlıdırsa; yaxud istifadəçi üçün qeyri-adi xərcləmə və davranış xüsusiyyəti aşkar edilibsə.

DİN avtomobillərin səs-küyünü yerindəcə portativ cihazlarla yoxlayacaq

2026-cı il sentyabrın 1-dən Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumları yol hərəkəti şəraitində avtomobillərin yaratdığı səs-küyü beynəlxalq ISO 5130:2019 standartına uyğun portativ səsölçən cihazlarla yoxlayacaqlar. Qeyd edək ki, yaşayış məntəqələrində avtomobilin istismarı zamanı yaranan səs-küy gecə saatlarında — 23:00-dan 08:00-dək — 80 desibeli keçməməlidir. Sanksiyalara gəlincə, istismarı zamanı yaranan səs-küyü qanunla müəyyən edilmiş normanı aşan nəqliyyat vasitəsini idarə etməyə görə ilk dəfə 100 lari cəriməsürücülük vəsiqəsindən 10 balın çıxılması nəzərdə tutulur. Qayda pozuntusu təkrarlandıqda — sürücü 200 lari cərimələnəcək və 20 balı çıxılacaq, üçüncü və növbəti hər bir pozuntu üçün isə 300 lari cərimə və vəsiqədən 30 balın çıxılması müəyyən edilib.

Çay istehsalçıları üçün yeni tələblər yaranır

Hökumət bu ilin yayında "Çay haqqında texniki reqlament"i təsdiqləyib. Sənəd biznes operatoru tərəfindən çayın istehsalı, emalı, bazara çıxarılması, distribusiya mərhələsində tənzimlənməsi və digər məcburi tələbləri müəyyən edir. Qeyd edək ki, biznes operatorları üçün yeni tələblər 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir. Lakin sənəd keçid dövrü də müəyyən edir. Xüsusilə, qərarın qüvvəyə minməsinədək bazara çıxarılan və ya etiketlənən, lakin reqlamentlə belirlənmiş tələblərə cavab verməyən çayın yararlılıq müddəti bitənədək, lakin ən geci 2027-ci il sentyabrın 1-dək bazarda satılmasına icazə verilir. Sənədə əsasən, tələblər insanların birbaşa istehlakı üçün bazara çıxarılan çaya şamil olunur. Bununla yanaşı, sənəd qablaşdırılmış və qablaşdırılmamış qara və yaşıl çay üçün ümumi tələbləri müəyyənləşdirir. Reqlamentə əsasən, müəyyən edilmiş tələblərin yerinə yetirilməsini Qida Milli Agentliyi yoxlayacaq. Bununla yanaşı, nəzarət biznes operatorunun daxili istehsalat nəzarəti şəraitində də həyata keçiriləcək.

Milli Bank kredit verən subyektlərə sanksiyaları sərtləşdirir

2026-cı il sentyabrın 1-dən "Kredit verən subyekt üçün pul cəriməsinin həcminin müəyyən edilməsi, tətbiqi və icrası qaydaları"na edilən dəyişikliklər qüvvəyə minir. Nəticədə, müxtəlif növ pozuntulara görə kredit verən subyektlər üçün sanksiyalar artırılır. Xüsusilə, maliyyə hesabatının müəyyən olunmuş müddətdə və ya formada Milli Banka təqdim edilməməsi, eləcə də qeyri-dəqiq məlumatın təqdim olunması hər bir pozuntu üçün 1 000 lari cərimə ediləcək. Eyni məbləğdə cərimə Milli Bank üçün tələb olunan sənədlərin və ya məlumatın vaxtında təqdim edilməməsi, yanlış məlumatın verilməsi və yazılı göstərişin yerinə yetirilməməsi üçün müəyyən edilib, lakin təkrar pozuntu halında sanksiya 10 000 lariyədək artacaq. Yeni qayda ilə aktiv və öhdəliklərin, həmçinin gəlir və xərclərin uçota alınmaması üçün kredit verən subyekt hər bir fakta görə 5 000 lari cərimələnəcək. Əlavə olaraq, qeydiyyat və tənzimləmə qaydaları ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə görə cərimələr 10 000 - 20 000 lari arasında müəyyən edilib, digər tələblərin pozulmasına görə sanksiyalar isə xarakterindən və təkrar olunma halından asılı olaraq 2 000 - 5 000 lari olacaq. Bununla yanaşı, dəyişikliklər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətindəki tələblərə də şamil olunacaq. Xüsusilə, əgər kredit verən subyektin şübhəli əməliyyatların aşkar olunmasını və sanksiya tətbiq edilmiş şəxslərin avtomatik identifikasiyasını təmin edən müvafiq proqram təminatı yoxdursa və ya sistem ciddi qüsurlarla işləyirsə, cərimə 15 000 lari olacaq. Sanksiya rejiminin tələblərini pozmaqla və ya ondan yayınmaqla həyata keçirilən əməliyyatın hər bir aşkar edilmiş faktına görə 10 000 lari cərimə tətbiq ediləcək.

Milli Bank valyuta dəyişmə Məntəqələri üçün tənzimləmələri sərtləşdirir

Gürcüstan Milli Bankının qərarı ilə 2026-cı il sentyabrın 1-dən valyuta dəyişmə məntəqələrinin fəaliyyətinə dair əlavə tələblər və nəzarət mexanizmləri qüvvəyə minir. Dəyişikliklərə əsasən, nağdsız formada valyuta dəyişmə hüququ olan məntəqələr fəaliyyət üçün lazım olan dövriyyə vəsaitlərini yalnız birbaşa və ya benefisiar mülkiyyətçidən (sənədlə təsdiqlənməklə) və ya maliyyə institutlarından cəlb edə biləcəklər. Bununla yanaşı, qeydiyyat üçün məcburi sənədlərə məntəqənin fəaliyyət göstərəcəyi daşınmaz əmlakın mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənəd əlavə olunur. Qərarla həmçinin müəyyən edilib ki, əgər məntəqənin Milli Bank tərəfindən tətbiq edilmiş ödənilməmiş cəriməsi varsa və ya qanunvericiliyin və Milli Bankın göstərişlərinin tələblərini yerinə yetirmirsə, Milli Bank filialın fəaliyyətinə icazə verməkdən imtina etmək hüququna malik olacaq. Yeni qaydalar əməliyyat uçotu tələblərini də sərtləşdirir. Məntəqələr bütün əməliyyatları xüsusi proqramda real vaxt rejimində əks etdirməyə, nağd pulun daxil olması və çıxarılması üzrə hər bir əməliyyata müəyyən olunmuş identifikasiya məlumatlarını ehtiva edən proqramla çap olunmuş qəbz verməyə borcludurlar. Dəyişikliklər videonəzarət sistemlərinə də aiddir. Yeni tənzimləməyə əsasən, videokameralar hem məntəqənin daxilində, həm də xarici perimetrində quraşdırılmalı, videoyazı isə fasiləsiz rejimdə aparılmalıdır. Xarici kameraların yazıları ən azı 30 gün, daxili kameraların yazıları isə ən azı 180 gün müddətində saxlanılmalıdır. Tələb olunduğu halda, yazılar dərhal Milli Banka təhvil verilməlidir. Bununla yanaşı, qaydalara Milli Bankın məntəqənin qeydiyyatını ləğv edə biləcəyi əsaslar da əlavə edilib. Bunların arasında: çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin pozulması, eləcə də konkret subyektə və ya bütövlükdə maliyyə sektorunun sağlam fəaliyyətinə təhlükə yarada biləcək sahibkarlıq təcrübəsi yer alır. Dəyişikliklərə əsasən, valyuta dəyişmə məntəqələri hesabatlılığı Milli Bankın "NBFI" məsafədən nəzarət portalı vasitəsilə hər ay, hesabat ayı bitdikdən sonra ən geci 15 təqvim günü müddətində təqdim edəcəklər.