Zurabişvili: Bu gün Gürcüstanda siyasi həyat başa çatdı

Feb 6, 2025 - 11:18
 0  154
Zurabişvili: Bu gün Gürcüstanda siyasi həyat başa çatdı

Salome Zurabişvili: "Bu gün Gürcüstanda siyasi həyat faktiki olaraq başa çatdı"

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Avropa İttifaqının üzv ölkələrinin səfirləri və müxalifətlə görüşdən sonra bəyan edib ki, ölkədə siyasi həyat sona çatıb.

Zurabişvilinin sözlərinə görə, Gürcüstanda repressiyaların güclənməsi fonunda xarici tərəfdaşlar Bidzina İvanişvilinin "rus üslublu rejiminə" təzyiqlərini artırmalıdırlar.

"Aİ səfirlərini və qanunsuz Parlamentdə təmsil olunan partiyaların nümayəndələrini qəbul etdim. Bu gündən onların mandatları ləğv edilib. Avropalı tərəfdaşlarımızla əsas müzakirə mövzularından biri Gürcüstanda siyasi həyatın sona çatması idi. Çünki artıq siyasi məkan qalmayıb. Parlament onsuz da seçkilərdən bəri siyasi məkan deyildi, Konstitusiya faktiki olaraq qüvvədə deyil, heç bir hüquq qorunmur – nə ifadə, nə toplantı azadlığı... Bu səbəbdən seçkilər təyin olunana qədər siyasi həyat haqqında danışmaq mümkünsüzdür. Hazırda kimsə seçkilərin necə və nə vaxt keçiriləcəyini deyə bilməz, lakin bu yalnız təzyiqlər nəticəsində mümkün olacaq. Çünki elə bir ölkə və tarixi nümunə yoxdur ki, cəmiyyətindən və tərəfdaşlarından tam təcrid olunmuş bir rejim hakimiyyəti davam etdirə bilsin", –  Zurabişvili bildirib.

O vurğulayıb ki, Gürcüstan nə Rusiya, nə də İrandır ki, uzun müddət sanksiyalara dözə bilsin və özünü təcrid etsin.

"Bu rejim artıq ölkəni idarə etmir. Sadəcə repressiv qanunlar qəbul edilir. Xarici siyasət mövcud deyil – yalnız əllə görüşmək və nəticəsiz səfərlərdən ibarətdir. İqtisadiyyat çökmüş vəziyyətdədir, investisiyalar dayanıb və guya milyardlarla dollar gətirəcək saxta memorandumlar imzalanır. Bu gün Gürcüstanda siyasət mövcud deyil. Ona görə də bəzən müxalifətdən, cəmiyyətdən və hətta məndən hansı plan və siyasətimiz olduğu soruşulanda, bu absurddur. Biz elə bir vəziyyətdəyik ki, yeganə yol mübarizədir. Bu mübarizə bütün cəbhələrdə aparılır", – o əlavə edib.

Zurabişvili bildirib ki, beynəlxalq ictimaiyyət "Gürcü Arzusu" hakimiyyətinə çoxsaylı tənqidlər səsləndirsə də, hələlik bu rejimə "rus üslublu diktatura" statusu verilməyib. Onun fikrincə, Qərb Gürcüstanda yeni seçkilərin keçirilməsi üçün təzyiqlərini artırmalıdır.

Eyni zamanda, o qeyd edib ki, vicdan məhbuslarının azad olunması gündəlik tələb kimi qoyulmalıdır.

"Repressiv rejimlər adətən bu tələbləri dərhal yerinə yetirmirlər, lakin təzyiqlər hər istiqamətdə artırılmalıdır. Gürcüstan biznesi hələ anlamayıb ki, onun taleyi ölkənin taleyi ilə bağlıdır, Rusiya ilə yox. Həmçinin, Avropa strukturlarına bağlı olan ictimai yayımçılara da təzyiqlər göstərilməlidir ki, daxili repressiyalar dayandırılsın. Mən ali baş komandan olaraq müdafiə nazirliyində də repressiyalar və işdən çıxarılmaların aparılmasının yolverilməz olduğunu bildirirəm. Gürcüstan Silahlı Qüvvələrinə müraciət edirəm: mən sona qədər sizin yanınızda olacağam ki, bu ölkəni qorumaq üçün bütün imkan və hüquqlarınız təmin edilsin", – Zurabişvili vurğulayıb.

mənbə: marneulifm