Zurab Capari̇dze: "Heç bir girovu ödəməyə hazırlaşmıram"
"Qirçi – Daha çox Azadlıq" partiyasının lideri Zurab Capari̇dze bəyan edib ki, əgər məhkəmə onu Parlamentdəki istintaq komissiyasına getmədiyinə görə girov təyin edərsə, o bu girovu ödəmək fikrində deyil.
Söhbət "Gürcü Arzusu"nun təşəbbüsü ilə Parlamentdə yaradılmış istintaq komissiyasından gedir. Komissiya əvvəlcə "Milli Hərəkat" və onun yüksək vəzifəli şəxslərinin fəaliyyətini araşdırmaq məqsədi ilə yaradılmışdı, lakin sonra mandatı genişləndirildi və indi hakim partiyanın lazım bildiyi istənilən şəxsin ifadəyə çağırılması mümkündür. Komissiyaya Tea Tsulukiani rəhbərlik edir.
Zurab Capari̇dze həmin komissiyaya çağırılan, lakin getməyən şəxslərdən biridir. Gürcüstan qanunvericiliyinə əsasən, istintaq komissiyasına ifadəyə getməmək cinayət məsuliyyəti yaradır və bu hal cərimə və ya bir ilədək həbs cəzası ilə cəzalandırıla bilər.
Capari̇dzeyə artıq rəsmi olaraq ittiham irəli sürülüb. Onun sözlərinə görə, məhkəmə bu gün, 16 aprel tarixində baş tutmalıdır.
“Heç bir halda girovu ödəməyə hazırlaşmıram və bunu bir neçə həftə öncə də demişdim. Bir lari də ödəməyəcəyəm. Heç yerə qaçmaq fikrim yoxdur. Bu ölkədə məhkəmə yeganə instansiyadır ki, öz istəyimlə gedirəm. Bunu orada ədalət tapmaq ümidi ilə deyil, sadəcə olaraq məhkəmənin normal ölkələrdə ədalətin yeri olduğuna inandığım üçün edirəm. Bizim kimi ölkələrdə, belə rejimlərdə məhkəmələr daha çox çürüyür. Mən ora gedirəm ki, o çürümüşlük hissini özüm yaşayam. Eyni zamanda, çox sayda insanın məhkəmə prosesinə də qatılıram, təbii ki, öz məhkəmə iclasıma da gedəcəyəm.”
Qeyd edək ki, komissiyaya getmədiklərinə görə artıq məhkəmə Mamuka Xazaradze və Badri Capari̇dzeyə 50 000 lari, İrakli Okruaşviliyə 20 000 lari, Qivi Tarqamadzeyə isə 10 000 lari girov təyin edib.
mənbə: marneulifm