Yəməndə hər 2-ci uşaq şiddətli aclıqdan əziyyət çəkir

Yəməndə beş yaşadək hər ikinci uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir.
Xeber.ge xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) rəsmisi məlumat verib.
Onun sözlərinə görə, artıq on ildən çoxdur davam edən münaqişə ölkədə uşaqların gələcəyini əlindən alıb və bütöv bir nəsli sağ qalmaq uğrunda mübarizə aparmağa məcbur edib.
“Beş yaşınadək uşaqların yarısı kəskin qidalanma çatışmazlığı ilə üzləşib. Onlardan 537 mindən çoxu ağır kəskin qidalanma problemi yaşayır. Bu vəziyyət ağrılıdır, həyati təhlükə yaradır və tamamilə qarşısı alına biləcək haldır. Qidalanma çatışmazlığı immun sistemini zəiflədir, uşaqların inkişafını ləngidir və onların potensialını məhv edir. Yəməndə bu sadəcə sağlamlıq böhranı deyil, minlərlə insan üçün ölüm hökmüdür,” – deyə Hokins vurğulayıb.
UNICEF nümayəndəsi həmçinin ölkədə 1,4 milyon hamilə və süd verən qadının da qidalanma çatışmazlığından əziyyət çəkdiyini bildirib. “Bu vəziyyətin nəticələri gələcək nəsillərə qədər hiss olunacaq,” – deyə o xəbərdarlıq edib.
Onun sözlərinə görə, Yəmən əhalisinin yarıdan çoxu humanitar yardım hesabına yaşayır. “2015-ci ildən bəri ərzaq məhsullarının qiyməti 300 faiz artıb. Ərzaq və dərman təminatı üçün həyati əhəmiyyət daşıyan əsas liman və yollar ya dağıdılıb, ya da blokadaya alınıb,” – deyə Hokins qeyd edib.
Piter Hokins bildirib ki, 2025-ci ildə Yəmənə yardım məqsədilə başladılan BMT kampaniyasının yalnız 25 faizi maliyyələşdirilib. “Təcili maliyyə resursları olmadan, artan ehtiyaclar fonunda hətta minimal xidmətləri belə davam etdirmək mümkün olmayacaq,” – deyə o əlavə edib.
mənbə: azshafaqna.com