Yük maşını sürücülərindən etiraz: Sərhəddə hərəkət məhdudlaşa bilər

Feb 23, 2026 - 12:40
 0  22
Yük maşını sürücülərindən etiraz: Sərhəddə hərəkət məhdudlaşa bilər

Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" gömrük-keçid məntəqəsi yaxınlığında yük avtomobillərinin (treyler) sürücülərinin etiraz aksiyası planlaşdırılır.

Xeber.ge xəbər verir ki, aksiya bu gün yerli vaxtla saat 15:00-da başlayacaq. Sürücülər yük avtomobilləri üçün dayanacaq (parkinq) rüsumlarının kəskin artırılmasına etiraz edirlər.

Sürücülərin verdiyi məlumata görə, indiyədək yük avtomobilləri üçün parkinq rüsumu 80 lari təşkil edirdisə, yeni tarifə əsasən bu məbləğ 130 lariyə qaldırılıb. Etirazçılar bildirirlər ki, bu rüsum vahiddir və avtomobilin dayanacaqda qalma müddətindən asılı deyil.

Aksiya iştirakçıları tariflərin yenidən nəzərdən keçirilməsini və qiymət artımının dayandırılmasını tələb edirlər. Onların sözlərinə görə, bu cür artım beynəlxalq yükdaşımalarla məşğul olan sürücülərin xərclərini əhəmiyyətli dərəcədə artırır və onların fəaliyyətinə mənfi təsir göstərir.

Qeyd edək ki, "Sarpi" keçid məntəqəsi Gürcüstan və Türkiyə arasında ən mühüm logistik qovşaqlardan biri hesab olunur və aksiyanın sərhəddə hərəkətin ləngiməsinə səbəb ola biləcəyi istisna edilmir.