Yeni trend: Qəhvə ilə zeytun yağının vəhdəti
Son dövrlərdə qastronomiya dünyasında xüsusi diqqət çəkən "Oleato" – qəhvə və zeytun yağının qeyri-adi kombinasiyası geniş müzakirələrə səbəb olub. Sözügedən içki bəziləri tərəfindən sağlam həyat tərzinin yeni trendi, digərləri tərəfindən isə uğurlu bir marketinq ideyası kimi qiymətləndirilir.
Xeber.ge xəbər verir ki, isti içkilərə yağ əlavə edilməsi təcrübəsi əslində yeni deyil. Tibetdə əsrlər boyu enerji toplamaq və bədən istiliyini qorumaq məqsədilə çaya kərə yağı və süd əlavə edilib. Müasir dövrdə isə bu tendensiya "Bulletproof Coffee" forması ilə geniş vüsət alıb. Hazırda isə zeytun yağı ilə zənginləşdirilmiş "Oleato" populyarlıq qazanmaqdadır.
Ekspertlər qeyd edirlər ki, "Extra Virgin" zeytun yağı antioksidantlar və faydalı piylərlə zəngindir. O, kofeinlə birləşdikdə orqanizmi daha balanslı və uzunmüddətli enerji ilə təmin edir. Məhz bu səbəbdən, bir çox insan gün ərzində enerji stabilliyini qorumaq üçün bu içkiyə üstünlük verir.
"Oleato"nun hazırlanma qaydası olduqca sadədir. Bunun üçün qəhvəyə bir çay qaşığı zeytun yağı əlavə edərək yaxşıca qarışdırmaq kifayətdir. Köpükləndirildikdən sonra içki kremli bir tekstura alır və "latte"ni xatırladır.