Yeni formatda pasport və şəxsiyyət vəsiqəsi avqustdan etibarən veriləcək – əmrə dəyişiklik edilib

Jun 5, 2025 - 13:41
 0  113
Yeni formatda pasport və şəxsiyyət vəsiqəsi avqustdan etibarən veriləcək – əmrə dəyişiklik edilib

Gürcüstanda yeni formatda pasport və şəxsiyyət vəsiqələrinin verilməsi 2025-ci ilin 1 avqust tarixindən başlayacaq.

Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsinin, müvəqqəti yaşayış icazəsinin, daimi yaşayış icazəsinin və müvəqqəti elektron identifikasiya vəsiqələrinin texniki xüsusiyyətləri və formaları Gürcüstanın Ədliyyə nazirinin 2025-ci ilin mart ayındakı əmri ilə cari ilin 4 iyun tarixindən dəyişməli idi.

Mart ayındakı əmrə dəyişiklik 30 may tarixində daxil edilib. Yeni əmrə əsasən, müddətlə yanaşı, vəsiqələrin texniki xüsusiyyətlərində də müəyyən dəyişikliklər edilib. Məsələn:

Yeni vəsiqə əlavə olaraq "4-cü səviyyəli inteqrasiya olunmuş qoruyucu element, hansı ki məxfi kimi təsnif olunur" elementini ehtiva etməlidir;

Yeni əmrlə "vəsiqə üzərində sifarişçi və istehsalçının adları baş hərflərlə, həmçinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin qeydiyyat nömrəsi" göstərilməlidir;

Vəsiqədə həmçinin "vəsiqənin və/və ya onun üzərində yazılmış məlumatların bütövlüyünü, orijinallığını və məxfiliyini təmin edən sertifikatlar və/və ya açarlar", eləcə də "sahibinin barmaq izi" olmalıdır.

Bundan əlavə, elektron informasiya daşıyıcısı aşağıdakıları ehtiva edə bilər:

Kvalifikasiyalı elektron imza sertifikatı, uyğun elektron imza yaratma məlumatları, həmin məlumatların icazəsiz istifadəsindən qoruyan aktivasiya məlumatları və bu sertifikatı verən qurumun sertifikatı;

Fiziki şəxsin autentifikasiya (tanıma) sertifikatı, uyğun autentifikasiya məlumatları, onların icazəsiz istifadəsindən qoruyan məlumatlar və bu məlumatların verilməsi üzrə məsul qurumun sertifikatı. Bütün bunlar yalnız sahibin istəyi ilə vəsiqəyə daxil edilir.

Əvvəlki qayda hələ də qüvvədə qalır: elektron vəsiqənin fərdi nömrəsində "666" rəqəmlərinin kombinasiyası olmamalıdır (məsələn, belə nömrələrə icazə verilmir: 666XX, X666X və ya XX666).

Pasportlara gəldikdə isə, Gürcüstanın Ədliyyə nazirinin 2025-ci ilin aprel əmrində yalnız vətəndaşın biometrik pasportunun yeni forması deyil, eyni zamanda aşağıdakılar da təsdiq edilib: Biometrik diplomatik pasportun, Biometrik xidməti pasportun, Gürcüstanda statusu olan, lakin vətəndaşlığı olmayan şəxsin biometrik səfər pasportunun və qaçqının biometrik səfər sənədinin texniki xüsusiyyətləri və formaları.

Bu sənədlər də dəyişdirilmiş formatda, əvvəl nəzərdə tutulduğu iyun ayı əvəzinə, 2025-ci ilin avqustundan etibarən veriləcək.

Qeyd: Avqust ayına qədər verilmiş bütün sənədlər (şəxsiyyət vəsiqəsi, pasport və s.) onların müəyyən edilmiş müddətinə qədər qüvvədə qalacaq.

mənbə: marneulifm