“Varketili” metro stansiyası bu tarixdən fəaliyyətini bərpa edəcək

“Varketili” metro stansiyası 26 avqustdan sərnişinlərə xidmət göstərməyə başlayacaq. Lakin davam edən reabilitasiya işləri səbəbindən stansiya müvəqqəti olaraq dəyişdirilmiş iş qrafiki ilə fəaliyyət göstərəcək.
Bu barədə Tbilisi meriyası məlumat verib.
Məlumata əsasən, standart qrafikdən fərqli olaraq, “Varketili” stansiyası səhər saat 07:00-da açılacaq və 23:00-da fəaliyyətini dayandıracaq. Digər metro stansiyaları isə sərnişinlərə adi rejimdə xidmət göstərəcək.
Sərnişinlərin rahat və fasiləsiz hərəkəti üçün eskalatorların hərəkət istiqaməti də dəyişdirilib. Belə ki, enən sərnişinlər sağ eskalator əvəzinə sol eskalatordan istifadə edəcəklər, çıxış edənlər isə stansiyanı sağ eskalator vasitəsilə tərk edə biləcəklər.
Xatırladaq ki, “Varketili” metro stansiyasında xidmət 12 iyul tarixində dayandırılmışdı. Bu müddət ərzində meyilli tunelin tökmə dəmir dayaqlarının və aşağı perronun dəmir-beton tağının bərpa işləri həyata keçirilib. Stansiyanın tam reabilitasiyası isə cari ilin sonuna qədər başa çatdırılacaq.
mənbə: interpress