Yüzlərlə erməni yük maşını Rusiyaya buraxılmadı
 
                                Rusiya Ermənistan mənşəli kənd təsərrüfatı məhsullarının bir hissəsinin ölkəyə girişinə icazə verməyib və bu məhsulları geri göndərib.
Bu barədə məlumatı regional media yayıb.
Xəbərə görə, Gürcüstan ərazisi vasitəsilə Rusiyaya gedən kənd təsərrüfatı yükləri ilə dolu yüzlərlə yük maşını Zemo Larsi sərhəd-keçid məntəqəsindən geri qaytarılaraq Ermənistana qayıtmalı olub.
Rusiya tərəfi iddia edir ki, məhsullar fitosanitar standartlara cavab vermirdi. Lakin Ermənistan bu arqumentlə razılaşmır və məsələyə siyasi motivlərin təsir etdiyini önə çəkir.
Bildirilir ki, məhdudiyyətlər yalnız kənd təsərrüfatı məhsullarına aid deyil. Son həftələrdə Rusiya digər yüklərə, xüsusilə də tikinti materiallarına nəzarəti sərtləşdirib.
Analitiklərin fikrincə, bu addım Moskvanın Ermənistanın xarici siyasi kursu və təhlükəsizlik məsələlərində mövcud fikir ayrılıqlarının fonunda ticarət məhdudiyyətlərini siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını göstərir.
Qeyd olunur ki, Ermənistanı Gürcüstan vasitəsilə Rusiya ilə birləşdirən Zemo Larsi sərhəd-keçid məntəqəsi ölkənin xarici ticarəti üçün kritik əhəmiyyət daşıyır. Məlumata görə, bu məntəqədən hər gün təxminən 150 erməni yük maşını keçir.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            