Baqa kəndində qanlı hesablaşma: Həyat yoldaşının gözü qarşısında qətl
Gürcüstanın Duşeti bələdiyyəsinin Baqa kəndində xüsusi amansızlıqla törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Xeber.ge xeber verir ki,
Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, martın 10-da Baqa kəndində təqsirləndirilən şəxslər qisas məqsədilə və xüsusi amansızlıqla bir nəfəri həyat yoldaşının gözü qarşısında odlu silahla vurublar. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, cinayəti törədən şəxslər isə qaçaraq gizləniblər.
İstintaq materiallarında vurğulanır ki, cinayətkarlar atəş açarkən qurbanın həyat yoldaşının da sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradıblar.
Hər iki şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin bir neçə bəndi üzrə ittiham irəli sürülüb:
- Qrup halında qəsdən adam öldürmə;
- Xüsusi amansızlıqla törədilmiş cinayət;
- Başqalarının həyatı üçün təhlükəli üsulla qətl;
- Təkrarən törədilmiş cinayət faktı.
Bu maddələrlə təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Prokurorluq yaxın vaxtlarda məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək. Hazırda cinayətkarların yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.