Uşaq pornoqrafiyası yayan və hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu
Prokurorluq hədə-qorxu ilə tələb etmə (hədələmə), eləcə də bilərəkdən yetkinlik yaşına çatmayanın təsvirini əks etdirən pornoqrafik məhsulun hazırlanması, saxlanılması və yayılması faktları üzrə bir nəfərə ittiham irəli sürüb.
XEBER.GE xəbər verir ki, prokurorluğun yaydığı məlumatda qeyd olunduğu kimi, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanın təsviri olan pornoqrafik material hazırlayaraq öz mobil telefonunda saxlayıb və bunu sosial şəbəkələrdə, o cümlədən özünün yaratdığı "Instagram" səhifəsində yayıb.
Bununla yanaşı, təqsirləndirilən şəxs zərərçəkənin ailəsindən 10 000 lari ödənilməsini tələb edib.
"Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində aparılmış istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanın təsviri olan pornoqrafik material hazırlayaraq öz mobil telefonunda saxlayıb və bunu sosial şəbəkələrdə, o cümlədən özünün yaratdığı "Instagram" səhifəsində yayıb. Həmçinin, həmin səhifədə təqsirləndirilən şəxs ona 10 000 lari verilməsi tələbini yerləşdirib. Paralel olaraq, zərərçəkənlərdən birinin ailə üzvünə mesaj göndərərək 10 000 lari tələb edib, əks halda müxtəlif şəxslərin həyatına son qoymaqla və yuxarıda qeyd olunan nüfuzdan salan, təhqiredici və ləyaqəti alçaldan məlumatları yenidən yaymaqla hədələyib.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 1-ci hissəsi və 255-ci maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri ilə (zərərçəkənin və ya onun yaxın qohumunun nüfuzunu ləkələyən məlumatların yayılması hədəsi ilə hədə-qorxu gəlmə, əmlak mənfəəti tələb etmə, eləcə də bilərəkdən yetkinlik yaşına çatmayanın təsvirini əks etdirən pornoqrafik məhsulun saxlanılması, yiyələnməsi, hazırlanması və yayılması) ittiham irəli sürülüb.
Bu maddələr cəza olaraq 20 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının seçilməsi haqqında vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək," — bəyanatda bildirilir.