Tsulukianinin komissiyasına getmədiyinə görə Qvaramiyaya 8 aylıq həbs cəzası verilib

Jul 1, 2025 - 12:50
 0  5
Tsulukianinin komissiyasına getmədiyinə görə Qvaramiyaya 8 aylıq həbs cəzası verilib

Müxalif "Dəyişikliklər naminə Koalisiyası" partiyasının lideri Nika Qvaramiaya mübahisəli Parlamentdə "Gürcü Arzusu" tərəfindən yaradılmış müvəqqəti istintaq komissiyasına ifadə verməyə gəlmədiyinə görə 8 aylıq həbs cəzası verilib.

Hakim Çvebe Naçkebia hökmü bu gün, 1 iyul tarixində elan edib.

Siyasətçiyə növbəti iki il ərzində vəzifə tutmaq da qadağan olunub.

Hökmün elanını media işıqlandıra bilməyib. "Gürcü Arzusu" mübahisəli Parlamentdə media üçün məhkəmə proseslərinin çəkilişini məhdudlaşdıran qanunu təcili şəkildə qəbul edib. Oxşar məhdudiyyətlər 2007-ci ildə də, iqtidarda "Milli Hərəkat" olarkən tətbiq edilmişdi. "Gürcü Arzusu" isə hakimiyyətə gəldiyi ilk aylarda, 2013-cü ildə məhkəmə iclaslarını media üçün açmışdı.

Nika Qvaramia 13 iyun tarixindən bəri həbsdədir – həmin gün Tbilisi Şəhər Məhkəməsi onun barəsində seçilmiş girov tədbirini həbs ilə əvəz etmişdi. Qvaramia həmin gün özü Rustavi penitensiar müəssisəsinə gedərək patrul polisə zəng edib yerini bildirmişdi. O, kriminal polis tərəfindən həbsxana qarşısında saxlanılıb.

Nika Qvaramia həbsdə olsa da, "Gürcü Arzusu" tərəfindən yaradılan və sədri Tea Tsulukiani olan müvəqqəti istintaq komissiyası onu yenidən ifadəyə çağırıb. Siyasətçi bir daha ifadə verməyə getməkdən imtina edib, buna görə də onun işi prokurorluğa göndərilib. "Gürcü Arzusu" bu komissiyanı 5 fevralda keçmiş "Milli Hərəkat" hakimiyyət dövrünü araşdırmaq üçün yaradıb. Onların məqsədi "Kollektiv Milli Hərəkat"ın qadağan edilməsidir. "Kollektiv Milli Hərəkat" dedikdə "Gürcü Arzusu" 2024-cü il Parlament seçkilərində baryeri keçmiş və hazırkı hakimiyyətin legitimliyini tanımayan böyük müxalif partiyaları nəzərdə tutur.

Komissiyaya gəlmədiklərinə görə səkkiz siyasətçi barəsində cinayət işi başlanıb. Həmin səkkiz nəfərin hamısı həbsdədir. Onlardan yeddisi (Zurab Caparidze, Nika Melia, Nika Qvaramia, Badri Caparidze, Mamuka Xazaradze, Qivi Tarkamadze, Qiorqi Vaşadze) barədə artıq hökm çıxarılıb, biri isə (İrakli Okruaşvili) barəsində həbs qətimkan tədbiri seçilib.

mənbə: marneulifm