11 ölkə Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırıb

Jul 1, 2025 - 13:35
 0  58
11 ölkə Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırıb

Avropa İttifaqının bəzi ölkələrinə giriş üçün Gürcüstanın diplomatik və xidməti pasport sahibləri artıq viza almalıdırlar. Bu məhdudiyyətin qüvvəyə minməsini əvvəlcə “Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze, sonra isə mübahisəli parlamentin sədri Şalva Papuaşvili təsdiqləyib.

Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib:

“Hamı yaxşı bilməlidir: beynəlxalq hüququ pozan 11 ölkə var. Bu da Aİ üçün bir rüsvayçılıqdır... Avropa Komissiyasının diplomatik və xidməti pasportlar üçün vizasız rejimin dayandırılmasına dair tövsiyəsi və qərarı beynəlxalq hüququn pozulması idi və bu qərara qoşulan bütün ölkələr beynəlxalq hüququ pozurlar.”

Euroscope adlı onlayn nəşrin məlumatına görə, bu məhdudiyyətlər Aİ-nin bir neçə ölkəsində tətbiq olunmağa başlanıb:

Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya, Lüksemburq, Niderland, Fransa, Belçika, İtaliya.

Məlumata əsasən:

“İsveç avqustdan tətbiq edəcək. Macarıstan, əlbəttə ki, açıq qalır. Avstriya da hələlik qoşulmayıb. Almaniya və Polşa kimi digər ölkələrdə vəziyyətlə bağlı hələlik məlumat yoxdur.”

Papuaşvilidən əvvəl Kobaxidze də mətbuata açıqlama verərək, Aİ ölkələrindən birinə səfər üçün özünün və komanda üzvlərinin viza almağa məcbur olduqlarını təsdiqləyib:

“Bildiyiniz kimi, diplomatik pasportlarla bağlı bu məhdudiyyətlər Aİ-nin ümumi qərarı əsasında tətbiq olunur. Biz sadəcə olaraq viza alırıq. Mən Aİ ölkələrindən birinə vizayla getdim, bu, heç bir problem yaratmır. Əlbəttə, bu tamamilə utancverici qərardır, amma onların hüququdur və biz bu qərara uyğun hərəkət etməyə hazırıq.”

O, vizanı hansı ölkə üçün aldığına aydınlıq gətirməyib. Amma son aylarda Kobaxidze və onun hökumətinin digər üzvləri İtaliya və Macarıstanda olublar. Macarıstan açıq şəkildə bəyan edib ki, bu məhdudiyyətlərə qoşulmayacaq.

Kobaxidze “Gürcü Arzusu” hökumətinin üzvləri və partiya liderləri ilə birlikdə iyunun ilk yarısında İtaliyada olub. Onlar 10 iyun tarixində Milan şəhərində Gürcüstanın baş konsulluğunun açılış mərasimində iştirak ediblər – bu konsulluq Milan şəhərində 2023-cü ildən fəaliyyət göstərir və konsulu Natalia Korzaiadır.

Avropa İttifaqının Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi ləğv etməsi, eyni zamanda ölkədə keçirilən Avropa yönlü etiraz aksiyalarının fonunda baş verib. Bu aksiyaların əsas tələbləri – yeni parlament seçkilərinin keçirilməsi və saxlanılan nümayişçilərin azadlığa buraxılmasıdır.

Etirazlara səbəb olan əsas məqam “Gürcü Arzusu” partiyasının 2024-cü il 28 noyabr tarixində verdiyi qərar olub: hakim partiya qarşıdakı dörd il ərzində Gürcüstanın Aİ-yə üzvlüklə bağlı danışıqların gündəmə gətirilməsini planlaşdırmır.

Etiraz aksiyalarının zorakılıqla dağıdılmasından iki həftə sonra – 16 dekabrda – Aİ-nin xarici işlər nazirləri Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin ləğvini müzakirə etməyə başlayıblar. 27 yanvar tarixində isə bu qərar rəsmən qəbul olunub.

mənbə: marneulifm