İstintaq komissiyası Qiorqi Qaxarianın məsafədən dindirilməsinə razılıq verdi

Mübahisəli parlamentdə “Gürcü Arzusu” tərəfindən yaradılmış müvəqqəti istintaq komissiyası keçmiş baş nazir və müxalif “Qaxaria – Gürcüstan üçün” partiyasının lideri Qiorqi Qaxarianı məsafədən (online) dinləməyə razılıq verib. Bu qərar komissiya üzvləri tərəfindən Qaxarianın nümayəndəsi tərəfindən göndərilən məktubun müzakirəsindən sonra qəbul olunub.
Komissiyanın sədri Tea Tsulukianın sözlərinə görə, Qiorqi Qaxaria məsafəli qoşulma zamanı texniki hissəni özü təmin etməli və iclas başa çatana qədər bağlantını kəsməməlidir.
“Biz qoşulmasına qarşı çıxmırıq, amma komissiyanın tələbi odur ki, o, 2 iyul tarixində texniki və logistik baxımdan normal qoşulma şəraitini özü təmin etsin, bizim etdiyimiz kimi. Bu, iclasın tam şəkildə keçirilməsinə imkan verməli və başqa cür hərəkətləri istisna etməlidir. Komissiya sədri Qiorqi Qaxarianın izahatının bitdiyini elan edənə qədər o, bizimlə birlikdə qalmaq öhdəliyinə malik olacaq. Əgər bu şərtlərlə razıyıqsa və məktubda qeyd ediləcəksə ki, ‘qoşulmanı təmin edin və cavabdeh olun ki, iclas bitənə qədər vaxt ayıracaqsınız’, onda 2 iyul tarixində, Tbilisi vaxtı ilə saat 16:00-da Qaxarianı dinləyək və ona qoşulmaq imkanı verək. Tələb belədir: ‘2 iyulda xahiş edirik, komissiyanın iclasına qoşulun və komissiya sualların bitdiyini elan edənə qədər iclası tərk etməyin və stabil məsafəli iştirakı təmin edin’. ‘Görüşüm var, alman sosialistlərlə görüşəcəyəm’ – bu arqument kimi qəbul olunmayacaq. Gürcüstan parlamenti alman sosialistlərindən daha üstündür – bunu Gürcüstan müxalifəti nəhayət anlamalıdır,” – deyə Tea Tsulukiani bildirib.
Qiorqi Qaxaria komissiyaya Çorçanidəki sərhəd postunun açılması məsələsi üzrə ikinci dəfə dindirilmək üçün çağırılıb. O, 23 iyun üçün iclasa dəvət olunmuşdu, lakin partiya bildirmişdi ki, Qaxaria ölkədə olmadığından iştirak edə bilməyəcək, amma məsafəli dindirməyə hazırdır.
Qaxaria istintaq komissiyasına gələn nadir müxalifətçilərdən biridir. O, müxalifətə keçmə səbəbləri və Çorçanidə, Gürcüstanın nəzarətində olan ərazidə sərhəd postunun qurulması ilə bağlı sualları cavablandırıb.
Komissiya daha sonra Çorçanidəki sərhəd postu məsələsinə yenidən qayıdıb. 11 iyunda keçirilən iclasa çağırılan Elquca Xarazişvilini komissiyanın rəhbəri Tea Tsulukiani bir neçə dəfə Çorçani sakini kimi təqdim etsə də, sonradan məlum olub ki, o, əslində Tsaqvli kəndindəndir.
Elquca Xarazişvilinin sözlərinə görə, Çorçanidə sərhəd postu qurulduqdan sonra yerli sakinlər artıq Tsaqvli meşəsinə girə bilmirlər, çünki dərinliyə soxulmuş işğalçı rejim də öz postunu qurub və meşənin yarısını zəbt edib.
Xarazişvili, sərhəd postu qurulmazdan əvvəl Çorçani kəndinin hansı problemlərlə üzləşdiyini və kənd sakinlərinin indi nə düşündüyü barədə isə heç nə deməyib.
14 iyun tarixində eyni məsələ üzrə Gürcüstan prokurorluğunda Qaxaria hökumətinin sabiq üzvü, həmin dövrdə daxili işlər naziri olan və daha öncə Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik etmiş Vaxtanq Qomelauri dindirilib. Onun sözlərinə görə, “bu qərar razılaşdırılmamışdı və biz postun qurulmasından sonradan xəbər tutduq”.
Vaxtanq Qomelaurinin dindirilməsindən sonra prokurorluq açıqlama yayaraq bildirmişdi ki, istintaq davam edir: sabotaj, ağırlaşdırıcı şəraitdə sabotaja cəhd, xarici təşkilatlara və xarici nəzarətdə olan təşkilatlara düşmən fəaliyyətində yardım, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə maliyyə təminatı ilə bağlı faktlar üzrə – bu da Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi, 19 və 318-ci maddənin 2-ci hissəsi, 319-cu və 3211-ci maddənin 2-ci hissəsinin “a” bəndi ilə nəzərdə tutulur.
“Gürcü Arzusu” 5 fevral tarixində “Vahid Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövrü araşdırmaq üçün bu istintaq komissiyasını yaradıb. Onlar “kollektiv Milli Hərəkat”ın qadağan edilməsini istəyirlər. “Gürcü Arzusu” bu anlayışa 2024-cü il parlament seçkilərində baryeri keçmiş və hazırkı hakimiyyətin legitimliyini tanımayan əsas müxalif partiyaları daxil edir.
mənbə: marneulifm