Tetritskaroda qardaşını amansızlıqla öldürən şəxs saxlanılıb

Nov 17, 2026 - 20:07
 0  6
Tetritskaroda qardaşını amansızlıqla öldürən şəxs saxlanılıb

Gürcüstan Prokurorluğu Tetritskaro bələdiyyəsində ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə ittiham irəli sürüb.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, Enageti kəndində təqsirləndirilən şəxs qardaşına yumruqları və küt alətdən istifadə etməklə başının və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər yetirib. Nəticədə zərərçəkən hadisə yerində həyatını itirib.

İstintaqın məlumatına əsasən, hadisə 2026-cı il noyabrın 15-də, qardaşlar arasında yaranan mübahisə zamanı baş verib. Təqsirləndirilən şəxs qardaşını öldürmək məqsədilə ona həyat üçün təhlükəli ağır xəsarətlər yetirib.

Şübhəli 2026-cı il noyabrın 16-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona Gürcüstan Cinayət Məcəlləsinin 11¹-109-cu maddəsinin “k” bəndi (ailə üzvünün digər ailə üzvünü qəsdən öldürməsi) ilə ittiham irəli sürülüb. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək.