Tiflisdə azərbaycanlılar döyüldü - Saakaşvilidən sərt reaksiya

Nov 7, 2025 - 10:54
 0  104
Tiflisdə azərbaycanlılar döyüldü - Saakaşvilidən sərt reaksiya

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tiflisdə azərbaycanlıların supermarketdə döyülməsi ilə bağlı insidenti şərh edib.

 Saakaşvili bildirib ki, bu gün Gürcü Arzusu hakimiyyətinin tərəfdarları Vake rayonundan olan “Manço” ləqəbli bir qadını saxlayıb.

Onun sözlərinə görə, həmin qadın 2013-cü ildə sabiq prezidentin vaxtilə ona məxsus olan pizzeryaya hücum edib, içəri daxil olaraq əşyaları dağıtmışdı:

“İndi isə o öz dəstəsi ilə birlikdə bizim etnik azərbaycanlı həmyerlilərimizə hücum edib”.

Sabiq prezidentin fikrincə, qadın saxlanılsa da, böyük ehtimalla məsuliyyətdən yayınacaq:

“Belə adamlar İvanişvilinin son dayaqlarıdır. Onlar siyasi sistemin küçə dəstələridir. Mən əminəm ki, o, həbs olunmayacaq”.

Saakaşvili hakimiyyətin lideri Bidzina İvanişviliyə də müraciət edib:

“Bidzina, vaxtında müdaxilə et və öz sadiq tərəfdarını azadlığa burax! Əks halda, indiyə qədər arxalandığın "qocalar" və "qocaman qadınlar" sənə qarşı ayağa qalxacaqlar”.

Qeyd edək ki, Tiflisdə azərbaycanlıların döyülməsi sosial şəbəkələrdə ciddi narazılıq yaradıb və məsələ ictimai rezonans doğurub.

mənbə: axar