Tbilisidəki qətlin səbəbi qumar borcudur?-VİDEO

Apr 26, 2026 - 21:15
 0  38

Tbilisidə Azərbaycan vətəndaşı olan 37 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı aparılan istintaqın yeni təfərrüatları məlum olub.

Hadisə ilə bağlı saxlanılan 20 yaşlı gəncin cinayəti tamah məqsədilə törətdiyi iddia edilir.

Xeber.ge xeber  verir ki, istintaq orqanları qətlin maliyyə mənfəəti əldə etmək məqsədilə törədildiyi versiyası üzərində dayanır.

  Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qətlə yetirilən Azərbaycan vətəndaşı Tbilisidə kirayə qaldığı mənzildə təxminən 10 000 lari (təxminən 3 700 dollar) məbləğində vəsait saxlayıb.

İddia olunur ki, təqsirləndirilən şəxs həmin məbləği ələ keçirərək qumar oyunlarındakı borclarını ödəmək istəyib.

  Lakin təqsirləndirilən şəxsin vəkili istintaqın bu versiyası ilə razılaşmır.

Müdafiə tərəfinin bəyanatına görə, gənc oğlan Mqaloblişvili küçəsindəki mənzildən heç bir pul götürməyib.

Vəkil qeyd edib ki, hadisə yerində pulun toxunulmaz halda qalması cinayətin tamah məqsədilə törədilmədiyinə sübutdur.

Bu səbəbdən müdafiə tərəfi ittihamın daha yüngül maddə ilə əvəzlənməsini (təsnifatın dəyişdirilməsini) və əlavə ekspertizaların keçirilməsini tələb edir.

  Xatırladaq ki, 37 yaşlı Azərbaycan vətəndaşı bir neçə gün əvvəl Tbilisidə yaşadığı mənzildə bıçaqlanaraq öldürülüb.

Şübhəli şəxs hadisədən sonra polisə könüllü təslim olub.

Hazırda faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə araşdırmalar davam etdirilir.