Tbilisidə neonasist qruplaşma üzvlərinin məhkəməsi başlayıb

Mar 31, 2026 - 16:25
 0  12
Tbilisidə neonasist qruplaşma üzvlərinin məhkəməsi başlayıb

Tbilisi Şəhər Məhkəməsində faşist ideologiyasını dəstəkləyən və qrup halında işgəncə törətməkdə ittiham olunan radikal qruplaşma üzvlərinin işi üzrə məhkəmə prosesləri başlayıb.

Xeber.ge xəbər verir ki, "Pirvelebi" telekanalına istinadən verdiyi məlumata görə, cinayət işi dörd hissəyə ayrılıb və müxtəlif məhkəmə zallarında fərqli epizodlar üzrə dinləmələr keçirilir. Artıq 12 nəfərdən ibarət birinci qrupun prosesi üçün təqsirləndirilən şəxslər məhkəməyə gətirilib.

Vəkillərin verdiyi məlumata görə, saxlanılan şəxslərin heç biri özünü təqsirli bilmir. Onların bir hissəsi susmaq hüququndan istifadə edir, digər hissəsi isə neonasist qruplaşmalarla əlaqələrini inkar edərək musiqiçi olduqlarını iddia edirlər.

Təqsirləndirilən şəxslərdən birinin vəkili Merab Tskrialaşvili bildirib ki, müdafiə etdiyi şəxs zərərçəkmişlərdən birini tanısa da, ona qarşı hər hansı zorakılıq törətməyib və nifrət zəminində cinayət ittihamlarını qəbul etmir.

Xatırladaq ki, Tbilisi Prokurorluğunun Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İdarəsi tərəfindən dünən 12 nəfərə qarşı qrup halında işgəncə, hədə-qorxu ilə tələb etmə, qarət və zorakılığın təşkili maddələri ilə rəsmi ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, "faşist-nasist" ideologiyasına malik qruplaşma üzvləri öz baxışlarına və milli mənsubiyyətinə görə seçilən şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı mütəşəkkil hücumlar təşkil ediblər. Onlar qurbanlarına fiziki və psixoloji işgəncə verərək həmin anları videoya çəkib qapalı sosial qruplarda paylaşıblar. Bəzi hallarda isə zərərçəkmişlərin şəxsi əşyaları mənimsənilib və onlardan pul tələb olunub.

Məhkəmə iclasları davam edir. Günün sonunda daha 5 nəfərin işi üzrə növbəti prosesin keçirilməsi planlaşdırılır.