Tbilisidə məşhur bazarın yerində binalar tikiləcək – Sahibkarlar ayağa qalxdı
Tbilisidə avtomobil ehtiyat hissələrinin satışı ilə məşhur olan Isani bazarı ("daşlılebi") ərazisində yeni yaşayış kvartalının inşası planlaşdırılır.
Xeber.ge xeber verir ki,
Hazırda ərazidə ətraf mühitə təsirin qiymətləndirilməsi proseduru həyata keçirilir. Tikinti şirkəti eyni zamanda tikinti planını Tbilisi Meriyası ilə razılaşdırır.
Lakin illərdir burada çalışan minlərlə insanın aqibəti hələ də qeyri-müəyyən olaraq qalır.
Bazarda fəaliyyət göstərən özünüməşğul şəxslər onlara alternativ yer ayrılmasını tələb edirlər. Sahibkarlar məlumatı yalnız sosial şəbəkələrdən öyrəndiklərini və hələlik heç bir rəsmi şəxsin onlarla görüşmədiyini bildirirlər:
"Burada tikinti aparılacağını feysbukdan eşitmişik. Bizə rəsmi şəkildə heç nə deyilməyib.
Hara gedəcəyimizi bilmirik, çünki uyğun yer ayrılmayıb. Əgər yer göstərilsə, məmnuniyyətlə köçərik. Arxamızda minlərlə ailə var və bura külli miqdarda vəsait qoymuşuq."
Digər bir sahibkarın sözlərinə görə, ərazinin boşaldılması üçün onlara aprelin 1-nə qədər vaxt verilib, əks halda cərimə olunacaqları ilə hədələniblər:
"Deyirlər ki, ayın 1-dən gəlib cərimə yazacağıq. Niyə axı? Biz vergimizi ödəyirik, işləyirik. Əgər bazarı köçürmək istəyirlərsə, bizə Lilo tərəfdə yer versinlər, orada yer çoxdur.
İnsanlara yazığınız gəlsin, onsuz da iş yoxdur. Əvvəl bizə yer ayırsınlar, sonra burada nə istəyirlər tiksinlər".