Tbilisidə keçmiş düşmənçilik zəminində iki nəfəri bıçaqlayan şəxs tutuldu
Tbilisidə iki nəfərin ağır bədən xəsarətləri alması ilə nəticələnən qanlı hadisə baş verib. Bir nəfər aralarında yaranan mübahisə zamanı iki şəxsə bıçaqla ağır xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
XEBER.GE Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi isti izlərlə yaxalaya bilib.
DİN-in yaydığı məlumata görə, hadisəyə tərəflər arasında yaranan fiziki qarşıdurma səbəb olub:
Araşdırmalar zamanı məlum olub ki, tərəflər arasında keçmişdə də münaqişə olub və hadisə günü baş verən qarşıdurma məhz bu köhnə ədavətin davamıdır.
Polisin həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Bıçaq xəsarətləri alan hər iki yaralı təcili olaraq klinikaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı törədildikdə) ilə istintaq aparılır.
Bu maddə üzrə təqsirli bilinən şəxsi 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.