Tbilisidə 181 min dollar dəyərində quldurluq: Dəstə üzvləri saxlanıldı
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə mütəşəkkil şəkildə törədilmiş ağır cinayəti ifşa edib. Qrup halında külli miqdarda pul vəsaitini quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Xeber.ge xeber verir ki,
İstintaqla müəyyən edilib ki, 2000-ci il təvəllüdlü M.M., Rusiya Federasiyası vətəndaşı K.P. və 2001-ci il təvəllüdlü L.Ç. qabaqcadan cinayət planı hazırlayıblar.
Aprelin 14-də dəstə üzvləri iki şəxsi aldadaraq Tbilisidəki mənzillərdən birinə aparıblar.
Mənzildə qurbanları bağlayan cinayətkarlar odlu silahla hədələyərək onlardan 181 000 ABŞ dolları, qol saatı və boyunbağını quldurluq yolu ilə ələ keçiriblər.
Hadisədən sonra cinayətkarlar mənzildən qaçıblar.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M.M. və K.P. saxlanılıb. Cinayətdə iştirak edən üçüncü şəxs L.Ç.-yə isə qiyabi olaraq ittiham elan edilib. Saxlanılan şəxslərin yaşadıqları mənzillərə keçirilən baxış zamanı cinayət aləti olan odlu silahlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci və 3-cü hissələri (Qrup halında, külli miqdarda törədilmiş quldurluq) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsləri 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.