Tbilisidə xarici ölkə vətəndaşına təcavüz edən şəxs saxlanılıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində xarici ölkə vətəndaşına qarşı cinsi zorakılıq törətməkdə ittiham olunan şəxs hüquq-mühafizə organları tərəfindən yaxalanıb.
Xeber.ge xəbər verir ki, istintaq tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü E.D. şübhəli şəxs qismində saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 1996-cı il təvəllüdlü xarici ölkə vətəndaşı V.M.-ə qarşı fiziki zorakılıq tətbiq edib və onun iradəsinin ziddinə olaraq cinsi əlaqədə olub. 30 yaşlı qadına qarşı törədilən bu cinayət faktı ilə bağlı dərhal əməliyyat-istintaq qrupu yaradılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi (Təcavüz) ilə cinayət işi başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 38 yaşlı kişi hakim qarşısına çıxarılacaq.
Sözügedən maddə üzrə təqsirləndirilən şəxsi 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq hərəkətləri davam etdirilir.