Tbilisidə sosial yeməkxanalar üçün ayrılan milyonlarla lari mənimsənilib - DTX əməliyyat keçirib

Apr 2, 2026 - 15:10
 0  22
Tbilisidə sosial yeməkxanalar üçün ayrılan milyonlarla lari mənimsənilib - DTX əməliyyat keçirib

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Bürosu tərəfindən dövlət büdcəsindən külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktı ifşa olunub.

 Xeber.ge xəbər verir ki, məhkəmənin qərarı əsasında bir müəssisə rəhbəri, onun subpodratçı şirkətlərinin 4 direktoru və bir əməkdaşı daxil olmaqla ümumilikdə 5 nəfər saxlanılıb.

Müəyyən edilib ki, 2023-2026-cı illər ərzində "Aladaşvili və Şirkəti" MMC ilə Tbilisinin İsni, Çuğureti, Mtatsminda və Krtsanisi rayon icra hakimiyyətləri (qamqeobalar) arasında 12 müqavilə imzalanıb. Ümumi dəyəri 26 513 573 lari olan bu müqavilələr ağır sosial vəziyyətdə olan vətəndaşlar üçün pulsuz yeməkxanaların təşkili və xidmət göstərilməsini nəzərdə tutub.

İstintaqın məlumatına görə, sözügedən şirkətin direktoru 22 yeməkxanadan 4-nü idarə etmək üçün subpodratçı olan "Gid", "Bade" və "Alion" MMC-lərə verib. 2024-2026-cı illər ərzində bu şirkətlər hər gün təxminən 14 451 benefisiara xidmət göstərərkən üzərlərinə düşən öhdəlikləri qeyri-vicdanlı şəkildə yerinə yetiriblər.

Məlum olub ki, qeyd olunan şəxslər məhsulların qəbulu və təhvil verilməsi aktlarını saxtalaşdırmaq yolu ilə icra hakimiyyətlərindən ayrılan 18 009 104 laridən 3 529 000 lari məbləğində dövlət vəsaitini dələduzluq yolu ilə mənimsəyiblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (Külli miqdarda dələduzluq) və 25-180-ci (Dələduzluqda iştirak) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.