Tbilisidə qaya uçqunu: Sakinlər təxliyə edilir-VİDEO
Gürcüstanın paytaxtı Tbilisinin Daneliya küçəsində yerləşən yaşayış zonasında qaya uçqunu baş verib.
Xeber.ge xeber verir ki, hadisədən sonra ərazidə yaşayışın kəskin dərəcədə təhlükəli hal alması səbəbindən sakinlərin təcili şəkildə evlərindən köçürülməsinə (təxliyəsinə) başlanılıb.
Yerli sakinlərin rəsmi qurumlara istinadən verdiyi məlumata görə, sözügedən ərazidə hər hansı bir tikinti-inşaat işlərinin aparılmasının yolverilməz və təhlükəli olduğu barədə müstəqil ekspertlər hələ 2023-cü ildə rəsmi rəy qoyublar.
Lakin kəskin qadağalara baxmayaraq, "İdea Development" (Idea Development) tikinti şirkəti sonradan fərqli yollarla yeni bir ekspertiza rəyi əldə etməyə nail olub. Şirkət həyat üçün yüksək riskli hesab olunan bu qaya ətəyini irimiqyaslı tikinti poliqonuna çevirib və işlərə başlayıb. Aparılan qazıntı və dinamik işlər nəticəsində qaya kütləsi dayanıqlığını itirərək uçub.
Hadisədən sonra Tbilisinin müvafiq nəzarət qurumları tərəfindən tikinti qaydalarını və təhlükəsizlik normalarını pozduğuna görə "İdea Development" şirkəti 30 000 lari məbləğində cərimələnib.
Buna baxmayaraq, evlərindən didərgin düşən yerli sakinlər böyük qorxu və təşviş içindədirlər. Sakinlər hesab edirlər ki, şirkət üçün bu məbləğdə cərimə çox kiçikdir və rəsmi qurumlar prosesə birdəfəlik nöqtə qoymasa, şirkət cəriməni ödədikdən sonra həmin təhlükəli zonada qanunsuz tikinti işlərini yenidən davam etdirəcək.
Hazırda ərazidə Tbilisinin müvafiq xidmət orqanları araşdırma aparır, qayanın qalan hissəsinin də tamamilə çökmə riski yoxlanılır.