Tbilisidə qanlı hesablaşma: Keçmiş vitse-qubernatorun yaxın adamı vəhşicəsinə döyülüb

Apr 10, 2026 - 13:22
 0  66
Tbilisidə qanlı hesablaşma: Keçmiş vitse-qubernatorun yaxın adamı vəhşicəsinə döyülüb

Gürcüstanın paytaxtı Tbilisidə növbəti kriminal hesablaşma baş verib. Kvemo Kartli bölgəsinin keçmiş vitse-qubernatoru Giorgi Şincikaşvilinin yaxın ətrafının üzvü İsak (Giorgi) Ubilava ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 Xeber.ge xəbər verir ki, hadisə paytaxtın Didi Diqomi rayonunda qeydə alınıb.

  Yayılan versiyalardan birinə görə, Ubilavaya qarşı pusqu Xüsusi Tapşırıqlar Departamentinin (GDD) keçmiş rəhbəri Zviad Xarazişvilinin ("Xareba") xüsusi təyinatlıları tərəfindən qurulub. Anonim mənbənin mediaya təqdim etdiyi fotolarda Ubilavanın üz nahiyəsində çoxsaylı və ağır xəsarətlərin olduğu görünür.

  Didi Diqomi polis idarəsindən bildirilib ki, faktla bağlı istintaq hərəkətləri davam edir. Hüquq-mühafizə orqanları hücumda birdən çox şəxsin iştirak etdiyini təsdiqləsə də, hələlik saxlanılan yoxdur.

  Məlumat üçün bildirək ki, Giorgi Ubilavanın adı 2024-cü ildə Qəhrəmanlar meydanında avropayönlü aksiya iştirakçılarının döyülməsində və "Xareba"nın qruplaşma üzvlərindən birinin yaralanmasında hallanır. Mənbələr qeyd edir ki, "Xareba" qruplaşması bir ildir intiqam alacağını anons edirdi. Buna səbəb 2025-ci ilin baharında Şincikaşvilinin dəstəsinin iki xüsusi təyinatlını vəhşicəsinə döyməsi olub.

Ubilava və Şincikaşvilinin bir müddət əvvəl ölkəni tərk etdiyi, lakin bu yaxınlarda Gürcüstana geri döndükləri bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.