Tbilisidə mağaza və restoranları qarət edən 4 yeniyetmə saxlanılıb-VİDEO

Nov 18, 2026 - 11:43
 0  8

Qrup halında törədilən soyğunçuluq və oğurluq ittihamı ilə müxtəlif vaxtlarda 4 yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, yeniyetmələr tamah məqsədilə Tbilisidə yerləşən ərzaq mağazalar şəbəkələrindən və bir yemək obyektindən müxtəlif məbləğlərdə pul və məhsullar oğurlayıb, daha sonra hadisə yerlərindən qaçıblar.

İstintaq çərçivəsində obyektlərdəki müşahidə kameralarının görüntüləri əldə edilib və həmin görüntülər şübhəlilərin əməllərini təsdiqləyir.

Yeniyetmələrin törətdiyi əməllər nəticəsində müxtəlif ticarət və iaşə obyektlərinə ümumilikdə 20 min laridən çox maddi ziyan dəyib.

Polis əməliyyat və istintaq tədbirləri nəticəsində dörd yeniyetmənin hamısını məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci və 177-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.