Tbilisidə mağaza qarətçiləri yaxalandı

Jun 14, 2026 - 11:17
Jun 14, 2026 - 12:18
 0  19
Tbilisidə mağaza qarətçiləri yaxalandı

Tbilisidə silsilə mağaza oğurluqları törədən iki nəfər saxlanılıb. Saxlanılanlardan biri əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən yeniyetmədir.

XEBER.GE xeber  verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində iki nəfər oğurluqda şübhəli bilinərək qandallanıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər paytaxtın İlya Çavçavadze prospektində yerləşən bir neçə mağazaya qanunsuz yolla daxil olublar. Onlar ticarət obyektlərindən ümumilikdə 2 000 lariyədək nağd pulu qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti nəticəsində oğurluq hadisəsini törədən hər iki şəxsin yeri qısa müddətdə müəyyən edilib və onlar şübhəli şəxs qismində həbs olunublar.

7 ilədək həbs cəzası gözlənilir

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddənin sanksiyasına əsasən, təqsirləndirilən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.