Tbilisidə 10 obyekt bağlanıb, Çin və Tailand vətəndaşları saxlanılıb

Feb 27, 2026 - 13:11
 0  21
Tbilisidə  10 obyekt bağlanıb, Çin və Tailand vətəndaşları saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamenti paytaxt Tbilisidə fahişəliyə şərait yaratma və yer ayırma ittihamı ilə genişmiqyaslı xüsusi əməliyyat keçirib.

Xeber.ge xəbər verir ki, hakim qərarı əsasında keçirilən əməliyyat nəticəsində 10 nəfər saxlanılıb, qanunsuz fəaliyyət göstərən 10 obyektin fəaliyyəti dayandırılıb. Saxlanılanlar arasında Çin və Tailand vətəndaşları da var.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən onlarla əməliyyat-axtarış tədbiri, o cümlədən gizli audio və video çəkilişlər həyata keçirilib. Sübutlar təqsirləndirilən şəxslərin cinayət əməllərini tam təsdiq edir.

Məlum olub ki, sözügedən obyektlərin menecerləri və administratorları öz ixtiyarlarında olan sahələrdə əsasən xarici ölkə vətəndaşlarını işə cəlb ediblər. Onlar fahişəliklə məşğul olan qadınlara müştəri tapmaqda köməklik göstərib, bunun müqabilində isə qazanılan gəlirin bir hissəsini mənimsəyiblər.

 Obyektlərdə aparılan axtarışlar zamanı fahişəlik fəaliyyətindən əldə edildiyi ehtimal olunan külli miqdarda nağd pul maddi sübut kimi götürülüb. İstintaq materialları təsdiq edir ki, bu məkanların əsas gəlir mənbəyi məhz qanunsuz cinsi xidmətlərin təşkilindən formalaşıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi (fahişəliyə yer ayırma və ya vasitəçilik) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsləri 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİN-dən bildirilib ki, müxtəlif növ cinayətkarlığa qarşı mübarizə tədbirləri fasiləsiz rejimdə davam etdirilir.