Sarp gömrüyündə Rusiya vətəndaşı Gürcüstana 13 tapança keçirmək istəyərkən saxlanılıb

Feb 27, 2026 - 13:20
Feb 27, 2026 - 13:22
 0  18
Sarp gömrüyündə Rusiya vətəndaşı Gürcüstana 13 tapança keçirmək istəyərkən saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanları ölkəyə külli miqdarda odlu silahın qanunsuz gətirilməsi cəhdinin qarşısını alıblar.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamenti və Maliyyə Nazirliyinin Gömrük Departamenti birgə əməliyyat keçirib. Əməliyyat nəticəsində 1973-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı V.A. saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" gömrük-keçid məntəqəsində şübhəli şəxsin idarə etdiyi avtomobilə baxış keçiriblər. Xüsusi skaner vasitəsilə aparılan yoxlama zamanı nəqliyyat vasitəsində quraşdırılmış gizli saxlanc yerindən müxtəlif markalı 13 odlu silah və 9 ədəd daraq aşkar olunaraq maddi sübut kimi götürülüb.

V.A.-ya qarşı odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və Gürcüstana qanunsuz gətirilməsi maddələri ilə ittiham irəli sürülüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİN-dən bildirilib ki, hazırda silahların mənşəyi və onların Gürcüstan ərazisində hansı məqsədlə istifadə olunacağı barədə araşdırmalar davam etdirilir.