Tbilisi və Qonio ərəblərə verilir?
İvanişvilinin komandası ilə ərəb şirkəti arasında bağlanmış müqavilə açıqlanacaqmı?! – Söz “Gürcü Arzusu”ndadır.
“Lelo – Güclü Gürcüstan” partiyası tələb edir ki, müqavilə ictimaiyyətə təqdim olunsun. Çünki onlar hesab edirlər ki, Tbilisi və Qonioda 800 hektardan çox ərazinin ərəblərin ixtiyarına keçməsi ölkə üçün ciddi risklər yaradır və bu miqyaslı layihə Gürcüstan üçün böyük başağrısına çevrilə bilər.
Hələ də məlum deyil ki, müqavilədə konkret nə yazılıb və ərəb şirkəti doğrudanmı ölkəyə milyardlarla dollar gətirəcək.
Tbilisidə şirkətin ofisi böyük təmtəraqla açılarkən, ərəb şirkətinin rəhbəri planlarını açıqlayıb. Onun sözlərinə görə, tikiləcək kompleksin 60 faizi beynəlxalq alıcılar üçün nəzərdə tutulub və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər burada daşınmaz əmlak alıb yaşamağı planlaşdırırlar.
Tbilisidə Krtsanisi meşə-parkında və Qonioda dəniz sahilində tikilməsi planlaşdırılan mini şəhərlərlə bağlı yalnız bir neçə fakt məlumdur: Gürcü-Ərəb birgə şirkəti yaradılıb, Gürcüstan həmin şirkətə torpaq sahələri qoymalıdır, tikinti icazələrini və s. məsələləri həll etməlidir. Təkcə bu torpaqların dəyəri — Krtsanisidə 600 hektar, Qonioda isə 250 hektar olmaqla — bir milyard dollardan çoxdur. Əvəzində ölkə nəzarət payı almır, yalnız payın üçdə birinə sahib olur. Ərəb tərəfi isə eyni payı sadəcə memarlıq layihəsinə görə əldə edir.
Əgər bu ərazilərin miqyasını nəzərə alsaq, Tbilisidə faktiki olaraq Mtsxeta böyüklüyündə, Qonioda isə Siqnaği ölçüsündə şəhər tikilməlidir. Krtsanisi meşə-parkı ərazisində bu qədər iri tikinti isə ekologiyaya və Kür çayının vadisinə ciddi təhlükə yarada bilər.