2026-cı ilin ilk yarısında yeni yolun Qudauri hissəsini açacağıq

Oct 29, 2025 - 20:54
 0  9
2026-cı ilin ilk yarısında yeni yolun Qudauri hissəsini açacağıq

“2026-cı ilin ilk yarısında Kveşeti–Kobi avtomobil yolunun Qudauriyədək olan hissəsini açacağıq,” – bunu parlamentdə çıxışı zamanı infrastruktur naziri Revaz Soxadze bildirib. O, bu iclasa interpelasiya (hesabatlı sorğu) qaydasında dəvət olunmuşdu.

Nazirin sözlərinə görə, eyni dövrdə 9 kilometrlik tunelin və ona aparan yolların tikintisi də tamamlanacaq.

“Kveşeti–Kobi avtomobil yolunun tikintisi bütövlükdə regionda həqiqətən unikal layihədir. Bildiyiniz kimi, 

9 kilometrlik tunelin qazılması artıq xüsusi qazma maşını vasitəsilə başa çatıb, hazırda təxliyə tunelinin qazma işləri davam edir.


Layihə 9 kilometrlik iki zolaqlı asfalt-beton tunelin və ona aparan yolların tikintisini nəzərdə tutur. Tunel işıqlandırma, havalandırma və yanğınsöndürmə sistemləri ilə təchiz ediləcək.

Tikinti işlərinin tam başa çatması 2026-cı ilin ilk yarısına planlaşdırılıb. Lakin burada çətin bir hissə var — unikal körpü.”

Nazir əlavə edib ki, 166 metr uzunluğunda tağvari körpü inşa olunur və “Şərqi Avropada bu dərəcədə mürəkkəb mühəndis konstruksiyalı körpü tikintisi mövcud deyil.”
“Bu körpü ilə bağlı müəyyən vaxt problemi var. Bilirsiniz, bu bölgədə qış çox sərt keçir və körpünün inşası mürəkkəb texnoloji dövr tələb edir.

Hazırda podratçı ilə birgə müasir texnologiyalardan istifadə imkanlarını araşdırırıq ki, işləri qış dövründə də davam etdirmək mümkün olsun. Nə dərəcədə mümkün olacaq — bunu əlavə olaraq sizə bildirəcəyik.

Hesab edirik ki, bu körpüdən başqa bütün hissələrdə işlər tamamlanacaq və 2026-cı ilin ilk yarısında Qudauriyə qədər olan yol açılacaq, insanlar artıq bu yoldan istifadə edə biləcəklər,” – deyə Revaz Soxadze bildirib.

mənbə: marneulifm