14 gündür, Kür çayına düşmüş qızı axtarırlar

Artıq 14 gündür ki, Kür çayında 21 yaşlı qızı axtarırlar. 21 yaşlı Aytac Məmmədova aprelin 1-də "Sülh körpüsü" yaxınlığında Kür çayında itib. Ayatcın ailəsi iddia edir ki, dövlət qızın tapılması üçün heç bir iş görmür, bu səbəbdən onlar özləri axtarışa başlayıblar.
Aytacın dayısı, əmisi oğlu və iki qonşusu Kür çayının sahili ilə hərəkət edərək, kabellə bağlanmış 3 və 5 litrlik plastik su qablarından düzəldilmiş sal ilə çaya girərək Aytacı tapmağa çalışırlar.
"Biz 4 nəfərik, mən, əmim oğlu, qonşular. Tbilisidən Qırmızı Körpüyə qədər axtarırıq. Allaha and olsun ki, burada bir dənə də olsun qayıq görünməyib. Bu su qabları mənim qayığımdır. Bizim ciddi problemimiz var. Öz gücümüz və imkanlarımızla 4 nəfər axtarış aparırıq. Bir həftədir ki, suda bir qayıq da görmürəm, heç nə görmürəm", – dayısı Rəsul Ömərov bildirir.
İtkin düşən Aytac Məmmədovanın dayısı deyir ki, 21 yaşlı qız aprelin 1-də gecə saat 12 radələrində yoxa çıxıb. Aytac dostunun ad gününü qeyd etməyə gedib və oradan çıxandan sonra Tbilisidəki “Sülh körpüsü”nün ətrafındakı ərazidən yoxa çıxıb. Rəsul Ömərovun sözlərinə görə, polis onlara bildirib ki, videoda qızın Kür çayına düşdüyü görünür, lakin onlar videonu ailə üzvlərinə göstərməyiblər.
"Polis videonu bizə göstərmir, amma deyirlər ki, qız suya düşüb. O, özünü suya atıb. Ayaqqabılarını, çantasını və telefonunu orada qoyub. Yəqin ki, ad günündən qayıdanda özü belə qərar verib. Orada nə baş verdiyini bilmirik, xəsarət alıb-almayıb, sadəcə, araşdırma aparılmır. O, başqa yerə qaça da bilərdi. Bizə heç nəyi göstərməyiblər”, – Rəsul Ömərov bildirir.
Rəsulun sözlərinə görə, axtarışı Ortaçala Polis İdarəsi aparır. Deyir ki, dövlət Aytacın axtarışını lazımi səylə aparmır.
"Bir çox ərazilər bağlıdır, bizə icazə vermirlər. Nə polis, nə də dövlət bu ərazilərə girmir. Bizə də icazə vermirlər. Mən sadəcə çayın sahillərində, adalarda su qablarından düzəldilmiş sal ilə axtarış aparıram. Amma kimsə balıq tutsa, dərhal Ekologiya Departamentinin 10 dənə qayığı gəlir. Əgər kimsə və ya nə isə meşəyə qaçarsa, 5 vertolyot icarəyə götürürlər. Yəqin pullu dövlət helikopterini gözləyirik. Bunu etmək üçün imkanımız var, sadəcə olaraq, Ortaçala polisi dedi ki, 22 kilometr ərazidə axtarırlar. İndi məlumat gözləyirik. Kimsə hər hansı bir yerdə nə isə görsə, bildirəcəklər", – Rəsul Ömərov bildirib.
DİN-in Fövqəladə Halların İdarə Olunması Xidmətindən "Marneuli" Radiosuna bildirilib ki, Kür çayına gündəlik nəzarət olunur, su nəqliyyatı vasitələri və dalğıclar axtarışlara cəlb olunub, çayın məcrasına baxış keçirilir.
Daxili İşlər Nazirliyindən "Marneuli" Radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma və ya intihara cəhd) maddəsi ilə araşdırma aparılır.
mənbə: marneulifm