Tbilisi Ukraynanı hörmətsizlikdə ittiham edir

Apr 9, 2026 - 19:21
 0  19
Tbilisi Ukraynanı hörmətsizlikdə ittiham edir

Gürcüstanın keçmiş ədliyyə naziri və Mixail Saakaşvilinin yaxın tərəfdaşı Zurab Adeişvilinin Ukrayna Milli Polisinin Beynəlxalq Polis Əməkdaşlığı Departamentinin direktoru təyin edilməsi Ukrayna hakimiyyətinin Gürcüstan xalqına hörmətsizliyinin təsdiqidir.

bu barədə parlamentin deputatı Levan Maçavariani jurnalistlərə bildirib.

Gürcüstan tərəfindən axtarışa verilən eks-nazir Zurab Adeişvili Ukrayna Milli Polisinin Beynəlxalq Polis Əməkdaşlığı Departamentinin rəhbəri təyin olunub. Bu qurumun rəhbəri həm də Ukraynadakı İnterpol Bürosuna başçılıq edir.

"Zurab Adeişvilinin bu vəzifəyə təyin edilməsi onu göstərir ki, onlar Gürcüstan vətəndaşlarına hörmət etmirlər. Mən Ukrayna xalqını deyil, Ukrayna hakimiyyətini nəzərdə tuturam", – deyə Maçavariani qeyd edib.

Onun sözlərinə görə, qanlı rejimin yaradıcılarından birinin belə yüksək vəzifəyə gətirilməsi Ukrayna rəhbərliyinin "mənəvi xarakterindən" xəbər verir: "İnsanın keçmişi onlar üçün əhəmiyyət kəsb etmir. Biz əvvəllər də buna bənzər təyinatlar görmüşük. Məsələn, Vano Merabişvilinin müavininin kəşfiyyat rəis müavini təyin olunması və ya cinayətkar hesab olunan Saakaşvilinin fəaliyyəti kimi. Buna görə də Ukrayna hakimiyyətinə qarşı bu qədər iddialarımız var".

Adeişvili kimdir?

Ali dövlət səviyyəsində qərarlar qəbul edən siyasətçilər dairəsinə daxil olan Adeişvili, 2012-ci ilin sonunda Gürcüstanda hakimiyyət dəyişikliyindən dərhal sonra ölkəni tərk edib. O, Avropa ölkələrindən birində siyasi sığınacaq, daha sonra isə vətəndaşlıq alıb. 2020-ci ildən onun Ukrayna Baş Prokurorluğunda çalışdığı məlumdur.

Gürcüstanda Adeişviliyə qarşı beş cinayət işi üzrə qiyabi hökm çıxarılıb: 2004-cü ildə "Iberia TV"-nin bağlanması, "Akura" zavodunun mənimsənilməsi, 2007-ci ildə müxalif deputat Koba Davitaşvilinin qaçırılması və ona qarşı zorakılıq, 2012-ci ildə "Cartu Bank"-ın müflisləşdirilməsi və məhbuslara işgəncə verilməsi işi üzrə sübutların saxtalaşdırılması.

O, məhbuslarla qeyri-insani rəftarın təşkili, sübutların saxtalaşdırılması, şahidə təzyiq, şəxsi azadlıqdan məhrum etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi maddələrlə təqsirli bilinib. Adeişvili ən ağır cəzasını (6 il həbs) deputatın qaçırılmasını təşkil etdiyinə görə alıb.

Bundan əlavə, Adeişviliyə qarşı 2007-ci ildə Tbilisidə mitinqin dağıdılması, "İmedi" teleşirkətinin mənimsənilməsi və Amiran Robakidzenin qətli ilə bağlı da ittihamlar irəli sürülüb.

Həmçinin, 2024-cü ilin iyulunda məlum olub ki, Adeişvilinin adı Gürcüstanda dövlət çevrilişinə cəhd və terror aktı hazırlığı, o cümlədən hakim "Gürcü Arzusu" partiyasının yaradıcısı Bidzina İvanişviliyə qarşı sui-qəsd planı ilə bağlı cinayət işində keçir.