Tapançalar, ov tüfəngləri, əl qumbaraları, güllələr və "heroin" müsadirə edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Kaxeti bölgəsində qanunsuz odlu silahlar, döyüş sursatı və xüsusilə böyük miqdarda narkotik vasitə ələ keçirilib – 7 nəfər saxlanılıb.
Odlu silahların və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, xüsusilə böyük miqdarda narkotik maddələrin, o cümlədən çoxlu miqdarda marixuananın qanunsuz əldə edilməsi və saxlanılması" ittihamları ilə saxlanılan şəxslər bunlardır:
1958-ci il təvəllüdlü J.M.; keçmişdə dəfələrlə məhkum olunmuş şəxslər: 1980-ci il təvəllüdlü Q.K., 1992-ci il təvəllüdlü Q.P., 1967-ci il təvəllüdlü K.X., 1973-cü il təvəllüdlü Q.A., 1996-cı il təvəllüdlü və hazırda şərti cəza altında olan N.B., 1983-cü il təvəllüdlü İ.Q.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, avtomobillərində və yardımçı tikililərində aparılan axtarışlar nəticəsində müxtəlif növ odlu silahlar və döyüş sursatları maddi sübut kimi götürülüb. Bunlara aiddir: tapançalar, ov tüfəngləri, əl qumbaraları, daraqlar, çoxlu sayda güllə və partlayıcı fitil. Eyni zamanda polis tərəfindən xüsusilə böyük miqdarda "heroin" və qurudulmuş marixuana da müsadirə edilib.
DİN-in məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 260-cı və 273-1-ci maddələri üzrə aparılır.
Bu cinayətlərə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
mənbə: marneulifm