Şeyx və müfti Ayətullah Əli Xameneinin şəhadəti ilə bağlı İrana başsağlığı veriblər

Mar 2, 2026 - 13:13
 0  29
Şeyx və müfti Ayətullah Əli Xameneinin şəhadəti ilə bağlı İrana başsağlığı veriblər

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev və idarənin müftisi Hacı Etibar Eminov İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneinin şəhadəti ilə bağlı başsağlığı veriblər.

İdarə yetkililəri başsağlığı mesajını sosial media hesablarında paylaşıblar.

Hacı Faiq Nəbiyevin başsağlığında deyilir: "Bağışlayan və Mehriban Allahın adı ilə “Həqiqətən Allaha məxsusuq və Ona dönəcəyik.” (Bəqərə 156).

İran İslam İnqilabının Ali Rəhbəri, böyük alim və mərcəyi-təqlid Ayətullah Seyid Əli Xameneinin şəhid edilmə xəbəri bütün İslam aləmini dərin hüznə qərq etmişdir. Bu, yalnız İran xalqının deyil, bütün müsəlman ümmətinin böyük mənəvi itkisi olmuşdur.

Ayətullah Xamenei uzun illər boyu həm siyasi rəhbər, həm də ali dini məqam sahibi kimi milyonlarla müsəlmanın dini və ictimai həyatında mühüm rol oynamış, İslam maarifinin yayılmasına, ümmətin birliyinə və ədalət prinsiplərinin qorunmasına böyük töhfələr vermişdir. Onun elmi irsi və ümmətə göstərdiyi qayğı İslam dünyasında silinməz iz qoymuşdur.

Xüsusilə vurğulamaq lazımdır ki, Mübarək Ramazan ayında, bir mərcəyi-təqlidin öz evində xarici ordunun hərbi əməliyyatı nəticəsində şəhid edilməsi — insan ləyaqətinə, beynəlxalq hüquqa və İslam ümmətinə qarşı ən ağır təcavüzdür. Bu amansız əməl bütün ümmətin qəlbini yaralamış, müsəlmanlara ağır zərbə vurmuşdur. Biz bu hadisəni qətiyyətlə pisləyirik və onu bəşəriyyətə qarşı açıq bir cinayət kimi qiymətləndiririk.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi olaraq, biz İran xalqına, dünya müsəlmanlarına və Ayətullah Xameneinin ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah-Təala bütün şəhidlərə rəhmət etsin, İslam ümmətinə səbir və möhkəmlik bəxş etsin.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun".

Hacı Etibar Eminovun başsağlığında deyilir: "İran İslam Respublikasının ali dini lideri, Ayətullah Əli Xameneinin vəfatı xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıq. Onun uzun illər boyu İslam ümmətinə göstərdiyi xidmətlər, dini-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələr hər zaman hörmətlə xatırlanacaqdır.

Bu ağır itki münasibətilə İran xalqına, dini alimlərə və bütün müsəlman qardaşlarımıza başsağlığı verir, mərhumun ruhuna Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.

Allah-Təala onu Öz rəhməti ilə mükafatlandırsın".

mənbə: 24news