Sameqreloda təbii fəlakət: Cixaşkari kəndini sel basdı, işıqlar sönüb-VİDEO
Gürcüstanın qərb bölgəsində fəsadlar törədən təbii fəlakət coğrafiyasını genişləndirir.
Xeber.ge xəbər verir ki, bu dəfə Sameqrelo regionu güclü yağışların qurbanına çevrilib. Bölgənin Cixaşkari kəndində aramsız yağan leysan yağışları ciddi subasmalara və infrastruktura ağır ziyan dəyməsinə səbəb olub.
Yerli sakinlərin "Tv Pirveli" telekanalının redaksiyasına göndərdiyi qorxulu kadrlar və faktlar bölgədəki vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir. Daşan sular kəndin həm mərkəzi, həm də məhəllədaxili daxili yollarını tamamilə basaraq hərəkəti iflic edib. Bununla yanaşı, əhalinin əsas dolanışıq mənbəyi olan yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri və əkinlər sel suları altında qalıb.
Təbii fəlakətin törətdiyi digər ağır fəsad isə enerji sisteminin sıradan çıxmasıdır.
Güclü külək və leysan səbəbindən naqillər qırılıb, nəticədə Cixaşkari kəndi və ətraf yaşayış məntəqələri tamamilə qaranlığa qərq olub.
Əraziyə indiyədək elektrik enerjisinin bərpa edilə bilmədiyi bildirilir.
Hazırda fəlakət zonasında zərərin miqyasının müəyyən edilməsi və subasmanın fəsadlarının aradan qaldırılması üçün yerli bələdiyyə xidmətlərinin və xilasedicilərin cəlb olunması istiqamətində işlər aparılır.