7 yaşlı Faruxun qatili olan ana barədə məhkəmə qərarı çıxdı

Jun 2, 2026 - 20:52
 0  8
7 yaşlı Faruxun qatili olan ana barədə məhkəmə qərarı çıxdı

 Xeber.ge xəbər verir ki, Rustavi Rayon Məhkəməsi 7 yaşlı oğlu Farux Axmedovun qətlində təqsirləndirilən 42 yaşlı Svetlana Axmadova barəsində qətimkan tədbirini elan edib.

Hakimin qərarına əsasən, cinayətin amansızlığını və müttəhimin mövcud vəziyyətini nəzərə alaraq, onun barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin o, penitensiar müəssisə yerinə xüsusi mühafizə olunan qapalı tipli tibb müəssisəsinə yerləşdiriləcək.

Məhkəmə prosesi zamanı dövlət ittihamçısı və müdafiə tərəfinin vəsatətləri dinlənilib. Saxlanıldıqdan dərhal sonra Svetlana Axmadovanın keçdiyi ilkin tibbi-psixiatrik ekspertiza onun cinayət törədən zaman və hazırda ağır psixi böhran vəziyyətində olduğunu, öz hərəkətlərini idarə edə bilmədiyini üzə çıxarıb.

Məhz bu rəsmi rəyə əsasən, prokurorluq və vəkil onun təcrid olunma müddətini həbsxanada deyil, həkim nəzarəti altında keçirməsi barədə ortaq mövqedən çıxış ediblər.

Vəkilin müvəkkilini girov müqabilində azadlığa buraxmaq cəhdi isə hakim tərəfindən qətiyyətlə rədd edilib. İttiham olunan ana proses boyu susub və heç bir ifadə verməyib.

Xatırladaq ki, istintaq versiyasına görə, 7 yaşlı Farux anasının intihar məqsədilə çoxlu dərman qəbul etdiyini görərək nənəsini köməyə çağırıb. Bundan qəzəblənən ana evdən qaçmağa çalışan azyaşlı oğlunun arxasınca düşərək, digər ailə üzvlərinin və iki azyaşlı övladının gözü qarşısında onun kürəyinə bıçaq və qayçı ilə ölümcül zərbələr endirib.