Rustavidə ödəniş aparatlarına saxta pul atan şəxs həbs olundu

Jun 22, 2026 - 11:09
 0  28
Rustavidə ödəniş aparatlarına saxta pul atan şəxs həbs olundu



Gürcüstan Daxili İşlər Nazirliyi külli miqdarda pul vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəməkdə ittiham olunan bir nəfərin saxlanılması barədə məlumat yayıb.

XEBER.GE xəbər verir ki, istintaq materiallarına əsasən, təqsirləndirilən şəxs böyük məbləğdə maddi qazanc əldə etmək məqsədilə Rustavi şəhərinin müxtəlif yerlərində quraşdırılmış sürətli ödəniş terminallarına  nağd pul əvəzinə saxta əskinaslar daxil edib.

Bu qanunsuz əməllər nəticəsində müvafiq şirkətlərə ümumilikdə 3 500 laridən çox maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən operativ-istintaq tədbirləri nəticəsində həmin şəxs Rustavidə yaxalanaraq həbs edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (fırıldaqçılıq) maddəsi ilə təhqiqat aparılır. Bu maddə cəza növü olaraq 7 ilədək müddətə azadlıqdan məhrumetmə sanksiyasını nəzərdə tutur.