“Radikal müxalifətə 26 mayda təxribat törətməyə imkan verməyəcəyik”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifət 26 may – Müstəqillik Günündə heç bir ciddi təxribat törədə bilməyəcək.
Bu barədə jurnalistlərə açıqlamasında deyib.
Kobaxidzenin sözlərinə görə, Rustaveli prospektinə hər gün təxminən 150 nəfər çıxır və bu, müxalifətin “tam aciz simasını” cəmiyyətə nümayiş etdirir.
“Onlar təxribatdan və hətta qurbanlardan danışırlar, lakin əlbəttə, bu planların həyata keçməsi mümkün deyil. Onların bu cür resursu yoxdur. Hər gün təxminən 150 nəfər Rustaveli prospektində toplanır və bu, müxalifətin bugünkü tam gücsüz vəziyyətini göstərir. Belə şəraitdə onların təxribat törətmək üçün heç bir imkanı yoxdur və 26 may bayramı istənilən kimi keçəcək – bu, ümummilli bayramdır. Təbii ki, radikal müxalifətə ciddi təxribat törətməyə imkan verməyəcəyik,” – deyə Baş nazir qeyd edib.
Kobaxidze, həmçinin yerli özünüidarəetmə seçkiləri ilə bağlı suala cavab verərək bir daha vurğulayıb ki, “Gürcü Arzusu” ölkənin bütün 64 bələdiyyəsində həm mer, həm də məclis seçkilərini qazanacaq.
Onun sözlərinə görə, Gürcüstandakı siyasi partiyalar “Deep State”in göstərişləri ilə hərəkət edəcəklər:
“Bu suala cavab sadədir – kim nə istəyir, etsin. Biz istənilən halda 64 bələdiyyənin hamısında həm mer, həm də məclis seçkilərini qazanacağıq. Onların bir-birini necə ‘yeyəcəyi’ bizi maraqlandırmır – sağdan sola, ya soldan sağa. Onların arasında daxili rəqabət var, amma sonda ‘Deep State’ nə desə, hamısı onu edəcək. Əgər göstəriş verilərsə, dörd partiyanın hamısı seçkilərdə iştirak edəcək. Bu bizim üçün əhəmiyyət daşımır,” – deyə Kobaxidze vurğulayıb.
mənbə: interpress