Qardabanidə tarixi Marağa məscidi yenidənqurmadan sonra istifadəyə verilib

Feb 4, 2026 - 20:21
 0  55

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində yerləşən Marağa məscidi əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Məscidin açılış mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev, Qardabani şəhərinin meri David Karqareteli, Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Mahmud Göl, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri, rəsmi şəxslər, ziyalılar və dindarlar iştirak ediblər.

Bildirilib ki, Marağa məscidi bölgənin dini və mədəni həyatında mühüm yer tutur. Məscid Gürcüstanda yaşayan azərbaycanlı icmasının əsas dini mərkəzlərindən biri olmaqla yerli əhali tərəfindən fəal şəkildə istifadə olunur.

Qeyd olunub ki, məscidin tarixi 1825-ci ilə gedib çıxır. Bu fakt Marağa məscidini Gürcüstandakı ən qədim məscidlərdən birinə çevirir. Tikilinin üslubu klassik İslam memarlığını əks etdirir və bölgənin dini-mədəni irsinin qorunmasında mühüm rol oynayır.

Məscid Qardabani şəhərinin mərkəzində, 9 Aprel küçəsində yerləşir. Burada cümə və bayram namazları qılınır, dini mərasimlər və maarifləndirici tədbirlər keçirilir. Marağa məscidi, eyni zamanda, yerli icma üçün sosial və mədəni bir mərkəz funksiyasını da yerinə yetirir.

Tədbirdə Marağa məscidinin yenidən istifadəyə verilməsi tolerantlıq və birgəyaşayışın bariz nümunəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, məscid xeyriyyəçi Hacı Fərhad Əliyevin dəstəyi ilə bərpa olunub.

mənbə: report