Qanunsuz miqrasiyaya qarşı yeni mexanizmləri nəzərdə tutan qanun layihəsini ilk oxunuşda təsdiqlədi

Gürcüstan parlamenti xüsusi çağırışlı sessiyanın plenar iclasında “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada birinci oxunuşda müzakirə edib və 81 səslə dəstəkləyib.
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Layihənin təqdimatçısı, Hüquqi məsələlər komitəsi sədrinin birinci müavini Tornike Çeişvilinin sözlərinə görə, qanun layihəsi qeyri-leqal miqrasiyanın aşkarlanması məqsədilə yaşayış və iş yerinin və digər şəxsi mülkiyyətin yoxlanılması qaydasını müəyyən edir.
“Qanuna əlavə olunur maddə, hansı ki, Gürcüstanda qanuni əsas olmadan qalan əcnəbinin aşkarlanması və ya onun yaşayış yerinin yoxlanılması, yaxud əcnəbinin səfər sənədinin tapılması məqsədilə Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanına əcnəbinin yaşayış və ya iş yerini yoxlamaq və ya digər şəxsi mülkiyyətə daxil olmaq imkanı verir, amma yalnız rayon və ya şəhər məhkəməsinin hakiminin müvafiq qərarı əsasında”, – deyə Tornike Çeişvili bildirib.
O qeyd edib ki, təcili zərurət yarandığı halda – əgər gecikmə əcnəbinin gizlənməsinə, yaxud onun sənədinin məhv edilməsinə və ya gizlədilməsinə səbəb ola bilərsə – Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanı dərhal yoxlama apara bilər və 24 saat ərzində bununla bağlı məhkəməyə müraciət etmək öhdəliyində olacaq.
Qanun layihəsinə əsasən, əcnəbinin yaşayış və ya iş yerinin yoxlanılması zamanı polis həmin şəxsi sorğu-sual etmək, identifikasiya etmək, səthi yoxlama aparmaq, ərazini nəzərdən keçirmək və Gürcüstan qanunvericiliyində nəzərdə tutulan digər preventiv və məcburi tədbirlər həyata keçirmək hüququna malik olacaq.
mənbə: interpress