Qəzalı binada yaşayan sakinlər yaşadıqlarından daha çox sahə tələb edirlər

Jul 16, 2025 - 14:01
 0  31
Qəzalı binada yaşayan sakinlər yaşadıqlarından daha çox sahə tələb edirlər

Tbilisi meri Kaxa Kaladze qəzalı binalar haqqında danışarkən bildirib ki,


bələdiyyə üçün problem yaradan əsas məsələlərdən biri sakinlərin yaşadıqlarından daha çox sahə tələb etməsidir.

“Çox tez-tez belə problemlə qarşılaşırıq – qəzalı yaşayış binasında yaşayan sakinlər bizdən daha geniş sahəli mənzil tələb edirlər, nəinki hazırda yaşadıqları mənzil. Bələdiyyənin isə bunu etməyə imkanı yoxdur,” – deyə Kaladze bildirib.

Onu sözlərinə görə, “dəfələrlə izah edib” ki, qəzalı binalar böyük problemdir.

“Qəzalı binalar ciddi problemlərdən biridir. Təxminən 10 minə yaxın bina və tikili müxtəlif dərəcəli təhlükəlilik statusuna malikdir və onların sökülməsi, yenilənməsi və ya yenisi ilə əvəzlənməsi tələb olunur. 2021-ci ildə insanlara söz verdik ki, bu cür binaların əvəzlənməsi üçün konkret proqram təqdim edəcəyik. Heç kim illüziyaya qapılmasın ki, bir neçə ilə bütün binalar əvəz olunacaq – bu, qeyri-mümkündür,” – deyə o vurğulayıb.

Kaladze vətəndaşlara müraciət edərək, qəzalı binaların əvəzlənməsi proqramından yararlanmağa çağırıb, çünki “bələdiyyə onların yanında olacaq və maksimum iki il ərzində yeni tikilmiş mənzilləri onlara təhvil verəcək.”

“O insanları da başa düşürəm ki, tərəddüd edirlər, qorxurlar – çünki tarixə baxsaq, bir çox halda vətəndaşların tələbləri ödənilməyib. Tikinti şirkətləri öhdəlik götürüblər, lakin razılaşmanı yerinə yetirə bilməyiblər. Bunun nəticəsində saysız-hesabsız yarımçıq tikililər və illərlə gözləyən, əziyyət çəkən sakinlər ortaya çıxıb.

Burada artıq bələdiyyənin iştirakı vacib rol oynayır. Dövlət strukturu sizin yanınızdadır və sizə kömək edir. Ən vacib məsələ isə odur ki, sakinlər heç bir ödəniş etməyəcəklər – meriya onları kirayə evlə təmin edir və təxminən bir il yarım – iki ildən sonra onlara əvvəlki sahəyə uyğun yeni mənzil verilir. Bu, böyük fürsətdir və bir daha qəzalı binalarda yaşayan hər kəsi bu proqramdan istifadə etməyə çağırıram,”– deyə Kaxa Kaladze bildirib.

O qeyd edib ki, son günlərdə “yalan məlumatlar yayılıb ki, guya sakinlərin 100%-lik razılığı olmadan bina əvəzlənə bilər.”

“Bəzi şəxslər sənədi dalğalandırır və cəmiyyəti aldadaraq təhrif olunmuş məlumatlar yaymağa çalışırdılar. Bu, 100%-lik yalandır. Qanuna görə, yalnız mülkiyyətçi öz əmlakı üzərində qərar verməyə, idarə etməyə və dəyişiklik etməyə səlahiyyətlidir – başqa heç bir şəxs bu hüquqa malik deyil.

Bəzi şəxslərin arqument kimi gətirdiyi şəhər şurasının qərarına gəlincə, yenidən izah etmək istəyirəm: bu qərar yalnız o hallar üçündür ki, ərazi geoloji cəhətdən təhlükəlidir, problem yaradır və urbanistik baxımdan orada tikinti aparmaq düzgün deyil. Belə hallarda biz 100%-lik razılıq olmadan yalnız ilkin mərhələyə – layihələndirməyə başlaya bilərik, sakinlərin köçürülməsi nəzərdə tutulmur,” – deyə Kaladze əlavə edib.

14 iyul axşamı Tbilisidə, Tevdore Mğvdeli küçəsində bir yaşayış binasının fasad hissəsi uçub. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Kaladze bildirib ki, bina qəzalı idi və sakinlər bu barədə məlumatlandırılmışdı. Onlara əvəzlənmə proqramında iştirak təklif olunmuşdu, lakin 100%-lik razılıq əldə olunmamışdı.

mənbə: marneulifm