70-ə yaxın bıçaq xəsarəti almış yeniyetmənin vəziyyəti hələ də stabil ağırdır

70-ə yaxın bıçaq xəsarəti almış yeniyetmə hələ də Marneulidəki Çoxşaxəli Tibb Mərkəzi "Geo Hospitals"da müalicə alır. Həkimlərin səyi nəticəsində o, süni nəfəs aparatından ayrılıb. Yaxınlarının “Marneuli” radiosuna verdiyi məlumata görə, yeniyetmənin sağlamlıq durumu aldığı ağır xəsarətlər səbəbindən hələ də stabil ağır olaraq qalır.
Hadisə 10 iyul tarixində Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndində baş verib. Yaralı yeniyetmə – 2009-cu il təvəllüdlü N.R. növbəti gün, 11 iyulda tapılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən aparılmış istintaq nəticəsində 2006-cı il təvəllüdlü A.A. saxlanılıb. Ona qarşı qəsdən adamöldürməyə cəhd ittihamı irəli sürülüb. Məlumata əsasən, mübahisə zəminində A.A. tanışı N.R.-ya bıçaqla müxtəlif bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “e” bəndi ilə – yəni qəsdən adamöldürməyə cəhd üzrə istintaq aparılır. Cinayətin törədilməsində istifadə olunmuş bıçaq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, bu maddə ilə 20 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.
mənbə: marneulifm