Prokurorluq misli görünməmiş qanunsuz gəlirlərin leqallaşdırılması faktına görə bir nəfəri saxlayıb

Sep 16, 2025 - 22:03
 0  5
Prokurorluq misli görünməmiş qanunsuz gəlirlərin leqallaşdırılması faktına görə bir nəfəri saxlayıb

Gürcüstan Prokurorluğu Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə 2022-2024-cü illərdə həyata keçirdiyi tədbirlər nəticəsində görünməmiş məbləğdə - 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qanunsuz gəlirlərin leqallaşdırılması faktını aşkarlayıb. Çirkli pulların yuyulması ittihamı ilə bir nəfər saxlanılıb.

Bu barədə prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

Qurumdan verilən məlumata görə, prokurorluqda aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs ona məxsus və Milli Bankın lisenziyasına malik olan valyutadəyişmə məntəqəsini işlətmək adı altında sənədsiz mənşəli pul vəsaitlərinin yığılması, konvertasiya yolu ilə mənşəyinin dəyişdirilməsi və qanuni dövriyyəyə buraxılması üzrə qanunsuz şəbəkə təşkil edib.

Cinayətkar dəstənin üzvləri tutulmazdan əvvəl gömrük prosedurlarından yan keçməklə, nəqliyyat vasitələrində xüsusi gizlədilmiş yerlərdən istifadə etməklə, həmsərhəd ölkələrdən külli miqdarda sənədsiz mənşəli xarici valyutanın gətirilməsini sistemli şəkildə təmin edərək pulların qəbul məntəqəsinə – valyutadəyişmə məntəqəsinə çatdırılmasını təmin ediblər.

Təqsirləndirilən şəxslər yuxarıda qeyd olunan qaydada toplanmış xüsusilə külli miqdarda sənədsiz mənşəli xarici valyutanı hüquqi görkəm vermək məqsədi ilə müxtəlif vaxtlarda valyuta fəaliyyəti çərçivəsində əldə edilmiş qanuni gəlir kimi bank müəssisələrinə gətirmiş və bunu təsdiq etmək üçün mənşəyi barədə saxta məlumatları kommersiya banklarına təqdim ediblər.

Prokurorluq cinayət yolu ilə əldə edilmiş gəlirlərin və digər əmlakın dövlət xeyrinə müsadirə edilməsini təmin etmək üçün müvafiq hüquqi prosedurları həyata keçirəcək.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək. Ona qarşı irəli sürülən ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, prokurorluğun apardığı araşdırmalar çərçivəsində əvvəllər də analoji faktlara görə 7 nəfər məhkum edilib və 13 milyon lariyə yaxın əmlak məhkəmə tərəfindən müsadirə edilib.

mənbə: Intrepress.ge